×
A
A
A
Sazlamalar

DİM dövlət qulluğu ilə bağlı müsahibələrdə iştirak edən şəxslər üçün təlimlər keçirəcək

Bakı, 22 sentyabr, AZƏRTAC

Vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsahibələrdə iştirak edən dövlət qulluqçularının və namizədlərin Azərbaycan Respublikasının Konstitusiyası, dövlətin əsasları, dövlət qulluğuna dair qanunvericilik üzrə biliklərinin təkmilləşdirilməsi məqsədilə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcək müvafiq təlimlərə qeydiyyat elan edilir.
DİM-dən AZƏRTAC-a bildirilib ki, dövlət qulluğuna yeni işə qəbul edilən namizədlərin dövlət qulluğu keçmə ilə bağlı praktiki bacarıqlara yiyələnməsi məqsədilə Mərkəz tərəfindən təlim modulları da hazırlanıb. Həmin modullar üzrə oktyabr ayından etibarən təlimlər təşkil olunacaq. Təlim modulları aşağıda qeyd olunanlardan ibarətdir:
- Dövlət qulluğuna dair qanunvericiliyin təcrübədə tətbiqi məsələləri;
- Dövlət qulluğuna qəbul: nəzəri və praktiki məsələlər;
- Əmək qanunvericiliyinin tətbiqi;
- Kargüzarlıq və elektron sənəd dövriyyəsi sistemləri;
- İnsan resurslarının idarə edilməsinə ümumi baxış;
- Liderlik və idarəetmənin əsasları;
- Dövlət qulluğunda etik davranış qaydalarının praktiki tətbiqi məsələləri;
- Korrupsiyaya qarşı mübarizə.
Təlimlərdə iştirak ödənişlidir. Namizədlər, ilk növbədə, DİM-in rəsmi səhifəsinə daxil olaraq “Şəxsi kabinet” açmalı (şəxsi kabineti olmayanlar) və qeydiyyatdan keçməlidirlər. Təlimlərin intensiv formada həftəsonu keçirilməsi nəzərdə tutulur. Təlimlərin vaxtı və yeri barədə məlumat qruplar formalaşdırıldıqdan sonra namizədin elektron poçt ünvanına göndərilir.
Elektron qeydiyyatla əlaqədar, həmçinin təlim modulları ilə bağlı əlavə məlumat əldə etmək üçün Mərkəzin Təlimlər üzrə sektoruna (tel: 012-310-53-16, daxili nömrə 1220; elektron ünvan: [email protected]) və ya DİM-in Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev, 299 ünvanında yerləşən inzibati binasına müraciət etmək olar.

Elm və təhsil 2022-09-22 10:03:00