×
A
A
A
Sazlamalar

Rusiyalı aktyorlar Bakı haqqında təəssüratlarını bölüşüblər

Bakı, 21 sentyabr, AZƏRTAC

Biz indiyə qədər Azərbaycan incəsənətinə müraciət etməmişdik. Lakin Bakı çox xoşumuza gəldi, ona görə gələcəkdə bəzi layihələrimiz ola bilər. Gələcəkdə müxtəlif mədəniyyətlərin sintezini yaratmaq istərdik, çünki teatr sənəti bunu özündə birləşdirə bilər. Bakıdakı Rus Dram Teatrı ilə birgə layihədə iştirak etmək olardı. Biz belə təklifləri qəbul etməyə hazırıq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Rusiyanın Xalq artisti Dmitri Nazarov və Rusiyanın Əməkdar artisti Olqa Vasilyeva Heydər Əliyev Sarayında keçirilən mətbuat konfransında söyləyiblər.
Bakıda ilk dəfə olduqlarını qeyd edən aktyorlar deyiblər: “Bu şəhərdə Odessanın, İtaliya şəhərlərinin, Moskvanın, habelə Nyu-Yorkun əlamətləri görünür. Bütün bunlar çox gözəl harmoniya yaradır. Küçələr sakit, səkilər təmizdir. Şəhərdə Azərbaycan xalqına xas olan qonaqpərvərlik, səmimiyyət və xeyirxahlıq hiss olunur”.
Xatırladaq ki, dekabrın 7-də Heydər Əliyev Sarayında “Sevginin kökü” tamaşası göstəriləcək. Baş rollarda Rusiyanın Xalq artisti Dmitri Nazarovun və Rusiyanın Əməkdar artisti Olqa Vasilyevanın çıxış edəcəyi bu tamaşa müasir dramaturq Anna Beryozanın “Yaşıl göl. Qırmızı su” və “Esxatoloji romans” adlı iki pyesinin sintezi əsasında hazırlanıb.

Mədəniyyət 2022-09-21 18:30:00