×
A
A
A
Sazlamalar

İspaniya ərzaq təhlükəsizliyini təmin etmək üçün 230 milyon avrodan çox vəsait ayıracaq

Madrid, 21 sentyabr, AZƏRTAC

İspaniya hökumətinin rəhbəri Pedro Sançes bəyan edib ki, ərzaq təhlükəsizliyini təmin etmək üçün 230 milyon avrodan çox vəsait cəlb olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə P.Sançesin şəxsi təşəbbüsü və ABŞ, Avropa İttifaqı və Afrika İttifaqının dəstəyi ilə təşkil olunan və BMT-nin Baş Assambleyasının 77-ci iclası çərçivəsində keçirilən Ümumdünya ərzaq təhlükəsizliyi sammitinin gedişatında məlum olub.
İspaniyanın Baş naziri vurğulayıb ki, ərzaq təhlükəsizliyi hökumət üçün əsas prioritet məsələdir, lakin görüləsi işlər çoxdur. İspaniya bu səbəbdən səylərin artırılmasından ötrü yaxın 3 il ərzində ərzaq təhlükəsizliyi sahəsində müxtəlif layihələrin icrasına ümumilikdə 236,5 milyon avro ayırmağa hazırlaşır.
Baş nazirin sözlərinə görə, nə qədər ki, sülh uğrunda mübarizə gedir, insanların daha həssas kateqoriyasının müdafiəsi üçün konkret tədbirlər görülməlidir.
P.Sançes kənd təsərrüfatı məhsullarının, o cümlədən gübrənin alış-verişində çətinlikləri aradan qaldırmağa çağırıb. İspaniya hökumətinin başçısı deyib: “Əgər fermerlər gübrəni lazım olduğu vaxtda əldə etməsələr, zay məhsul və hətta onun itkisi vəziyyətin pisləşməsinin davam etməsi ilə nəticələnəcək. Nə qədər ki, aclıq var, sülh olmayacaq, sülh olmayanda isə aclıq davam edəcək”.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

 

Dünya 2022-09-21 17:30:00