×
A
A
A
Sazlamalar

Almaniya sənaye müəssisələrinin “mühacirət etməsi” barədə düşünürlər

Berlin, 21 sentyabr, AZƏRTAC

Avropada enerji daşıyıcılarının qiymətlərinin hədsiz artması çox qəribə bir mövzuda diskussiyaya start verib: Avropa sənaye müəssisələrini işçi qüvvəsinin və başqa resursların, o cümlədən elektrik enerjisinin xeyli ucuz olduğu “üçüncü dünya” ölkələrinə köçürməkdən söhbət gedir.
AZƏRTAC xəbər verir ki, Almaniya KİV-in monitorinqi belə deməyə əsas verir. Biznesmenlər, həmkarlar ittifaqı liderləri, iqtisadçılar istehsal güclərinin xaricə köçürülməsi barədə danışırlar.
Məsələn, “Şpigel” həftəliyi yazır ki, koronavirus pandemiyası əsasən mədəniyyət və ictimai iaşə sahələrinə təsir göstəribsə, bu dəfə Almaniya iqtisadiyyatının nəhəngləri, kompleks proseslər gedən iri müəssisələr zərbə altına düşüb. Məqalə müəlliflərinin fikrincə, restoranları bağlamaq və açmaq nisbətən asandır, amma kimya zavodu barədə bunu demək olmaz.
Diskussiya iştirakçılarının çoxu ehtiyat edir ki, deyəsən, enerjitutumlu bəzi istehsalatları həqiqətən başqa ölkələrə köçürmək lazım gələcək. Bu halda bütün biznes modelində əsaslı struktur dəyişikləri aparılması zəruri ola bilər.
Almaniyadakı alüminium zavodlarının sahibləri daha çox narahatdırlar. Onların fikrincə, əgər enerji böhranının aradan qaldırılması yolları yaxın vaxtlarda tapılmasa, tezliklə ölkədə bircə alüminium zavodu da qalmayacaq və alüminium istehsalını başqa ölkələrə köçürmək lazım gələcək.

 
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Dünya 2022-09-21 17:33:00