×
A
A
A
Sazlamalar

“İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda beynəlxalq simpozium çərçivəsində panel müzakirələr aparılıb

Bakı, 21 sentyabr, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), Mənəvi Dəyərlərin Təbliği Fondu (MDTF), Kırıkkale Universitetinin İslam elmləri fakültəsi və İslam Ölkələri Tədqiqat Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda keçirilən beynəlxalq simpozium sentyabrın 21-də panellərlə davam edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, panellər dosentlər Zəkiyyə Əbilova, Əhməd Niyazov, Adem Yıldırım, Gülçöhrə Seyidova, Anar Qafarov, Elnurə Əzizova, İlkin Əlimuradov, professorlar Şahin Ahmetoğlu, Abdurrahman Candan və Zekeriya Akmanın moderatorluğu ilə baş tutub.
Dünyanın müxtəlif ölkələrindən çıxış edən alimlərin məruzələri onlayn və oflayn formatda dinlənilib.
Beynəlxalq simpoziumda “İslam tarixində birgəyaşayış mədəniyyətinin ilk nümunəsi olan səhabə icmasındakı etnik quruluş”, “İslam tolerantlıq və başqasını qəbuletmə dinidir... Sülh şəraitində yaşamağa mədəni baxış”, “Fərqli, oxşar və inteqrativ cəhətləri ilə insanın birgəyaşayış mədəniyyətinə verdiyi töhfə”, “Birgəyaşayışın dini və əxlaqi əsasları”, “İslam mədəniyyətində birgəyaşayış fəlsəfəsi: qeyb və mövcudluq monodünyasından aşkar və varlıq multidünyasına doğru”, “Birgəyaşayış ənənəsini formalaşdıran mənəvi dəyərlər: İslam əxlaq fəlsəfəsi müstəvisində” mövzusunda məruzələr dinlənilib.
Tanınmış alimlər tərəfindən, həmçinin “İslamda tolerantlıq ideyasının nəzəri məsələləri və tarixi təcrübə”, “Qurani-Kərimin ayələri kontekstində birlikdə yaşama hüququ”, “Birgəyaşayış mədəniyyəti və onun fəlsəfi əsasları”, “Birgəyaşayışı mümkün edən əsas insan keyfiyyətləri kontekstində qiymətləndirmə”, “Quran təhsilinin dinc yanaşı yaşamağa təsiri”, “Quranın tədrisində niyyətin keyfiyyəti və dəyəri”, “Quranda birgəyaşayışın əhəmiyyəti”, “Gürcüstanda İslam təhsil müəssisələri: tarixi icmal və müasir reallıqlar”, “Türkiyə-Azərbaycan münasibətlərində dini xidmətlərin rolu”, “Qurani-Kərimdə mötədillik nümunələri (təlim-təbliğ kontekstində)”, “İslamda əhli-beyt nümunəsində birgəyaşayış metodları” mövzularında məruzələr təqdim edilib.
Bununla yanaşı, simpoziumda “Xətib Təbrizinin “Şərhul-Müfaddaliyyat”ında (ixtiyarat) müxtəlif dinlərə etiqad göstərən şairlər”, “Azərbaycan və Anadolu türklərinin təriqətlər arasında yaxınlaşma mədəniyyətinə töhfəsi baxımından Maktel ədəbiyyatı”, “Qəzzalinin təkfir məsələsinə ontoloji-hermenevtik yanaşma”, “Sosial həmrəylik mənəvi birliyə aparan yol kimi”, “Qurani-Kərim və birgəyaşayış mədəniyyəti”, “İslam sivilizasiyasında birgə yaşayış mədəniyyətinin formalaşmasında fiqh dinamikası kimi adət-ənənənin yeri” və digər mövzularda məruzələr dinlənilərək müzakirələr aparılıb.
Xatırladaq ki, “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda beynəlxalq simpozium sentyabrın 20-dən işə başlayıb. Tədbirdə 10 paneldə 100-dək məruzənin dinlənilməsi nəzərdə tutulub.
Simpoziumun materialları kitab halında çap ediləcək.

Elm və təhsil 2022-09-21 17:15:00