×
A
A
A
Sazlamalar

İspaniya və Portuqaliyanın əlamətdar məkanları Avropa kino mədəniyyətinin inciləri siyahısına daxil edilib

Madrid, 21 sentyabr, AZƏRTAC

Avropa kino mədəniyyətinin inciləri siyahısını UNESCO-nun Dünya İrsi Siyahısı ilə müqayisə edirlər. Fərq ondadır ki, bu halda kinematoqrafiyadan söhbət gedir. Belə bir siyahı yaratmaq barədə Avropa Kino Akademiyası tərəfindən irəli sürülmüş təşəbbüsün məqsədi Avropa kinematoqrafı üçün rəmzi məna daşıyan, tarixi dəyərə malik, indiki vaxtda də gələcəkdə dəstəklənməsinə və qorunub saxlanmasına ehtiyac olan yerləri və məkanları müəyyən etməkdir.
AZƏRTAC xəbər verir ki, “European Film Awards” mükafatının 35-ci dəfə təqdim edilməsi mərasimi ilə əlaqədar bu il həmin siyahıya daha 22 yerin adı əlavə edilib və beləliklə, rəmzi məkanların ümumi sayı 35-ə çatıb.
Portuqaliyanın Portu şəhərindəki Ribeyra-du-Portu yaşayış məhəlləsinin və sahil küçəsinin tarixi dəyərini dəstəklənməsi və qorunub saxlanması zəruri olduğuna görə, Avropa Kino Akademiyası bu məkanı Avropa kino mədəniyyəti incilərindən biri kimi seçib. Manuel di Oliveyranın üç məşhur filmi Ribeyra-du-Portuda çəkilib: “Doru, əməkçilər çayı” (1931), “Aniki Bobo” (1942) və “Mənim uşaqlıq limanım” (2001). Portuqaliyada adı incilər siyahısına daxil edilmiş yeganə məkan Ribeyra-du-Portudur.
Madriddəki Sirkulo de Bellas Artes Mədəniyyət Mərkəzində İspaniya paytaxtının ən qədim kinoteatrlarından biri yerləşir. Antonio Drouvun “Savoltanın işi haqqında həqiqət” (1980), Pere Portabelyanın “Əsas hesabat” (1977), Conas Truebanın “Ülyahəzrət” (2019) filmləri kimi məşhur ekran əsərləri bu binada çəkilib.
Kalanda bələdiyyəsində (Araqon) yerləşən Sentro Bunyuel Kalanda Mərkəzi İspaniya və Meksika kinorejissoru Luis Bunyuelin doğulduğu məkan kimi məşhurdur. Bu əfsanəvi rejissorun yaradıcılığını təbliğ etməklə, onun şəxsiyyətini tanıtmaqla məşğul olan mərkəz mədəni fəaliyyət, kino təhsili və tədqiqat işləri üçün əlverişli məkandır. Burada müasir muzeyi və kino zalı, müvəqqəti installyasiyalar üçün sərgi zalı, kitabxana və media mərkəzi var. Hər il təşkil edilən Bunyuel Kalanda festivalı da burada keçirilir.
Akademiyanın direktoru Matteys Vouter Knolun sözlərinə görə, akademiyanın məqsədi kino inciləri siyahısına hər il yeni məkanlar əlavə etmək və yeni auditoriyanı bu irslə tanış etməkdir.

Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

 

 

 

Mədəniyyət 2022-09-21 16:23:00