×
A
A
A
Sazlamalar

Milli Kitabxanada yeni nəşr olunmuş Azərbaycan bəstəkarlarının not məcmuələrinin təqdimatı keçirilib

Bakı, 21 sentyabr, AZƏRTAC

Sentyabrın 21-də Milli Kitabxanada XIV Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının çərçivəsində Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə layihəsi üzrə nəşr olunmuş 21 Azərbaycan bəstəkarlarının not məcmuələrinin təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir başlamadan öncə son günlər ölkə sərhədində baş verən hadisələrdə Azərbaycan torpaqlarının azad edilməsi uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kitabxananın direktoru Kərim Tahirov Azərbaycan musiqi ictimaiyyətinə cari ildə kitabxana tərəfindən 21 not məcmuəsinin təqdim olunduğunu və dahi bəstəkarlarımıza həsr olunan bu nəşrlərin uşaq musiqi məktəblərinin şagirdləri, ali musiqi məktəblərinin tələbələri, musiqişünas alimlər üçün nəzərdə tutulduğunu qeyd edib. O, kitabxananın həyata keçirdiyi musiqi layihələrindən danışıb, Beynəlxalq Petruççi Musiqi Kitabxanası ilə olan əməkdaşlıq haqqında məlumat verib, dahi Azərbaycan bəstəkarlarının əsərlərinin notlarının və səs yazılarının Petruççi Musiqi Kitabxanasının saytında yerləşdirildiyini diqqətə çatdırıb.
Azərbaycan Milli Konservatoriyasının rektoru, professor, Xalq artisti Siyavuş Kərimi təqdimatı keçirilən nəşrlərin xüsusi əhəmiyyətindən bəhs edib, Milli Kitabxananın fəaliyyətini yüksək qiymətləndirib, gələcəkdə xalq mahnıları, rəqslər üçün çoxlu sayda materialların çap olunmasının vacibliyini vurğulayıb.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, sənətşünaslıq üzrə elmlər doktoru, professor Ceyran Mahmudova ilk olaraq hər kəsi Milli Musiqi Günü münasibətilə təbrik edib, təqdimatın önəmindən bəhs edərək Milli Kitabxananın musiqi bayramına olan töhfəsini yüksək qiymətləndirib. Azərbaycan bəstəkarlarının əsərlərinin həm yenidən, həm də ilk dəfə nəşrinə, həmçinin atası Emin Sabitoğlunun da əsərlərinin nəfis tərtibatlı çapına görə kitabxananın rəhbərliyinə təşəkkür edib.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev idarənin tabeliyində xeyli sayda musiqi məktəblərinin fəaliyyət göstərdiyini və bu vəsaitlərə tədrisdə böyük ehtiyacın olduğunu söyləyib.
Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova Milli Kitabxana tərəfindən musiqi sahəsində böyük işlər görüldüyünü qeyd edib, Azərbaycan bəstəkarlarının əsərlərinin yaşadılması istiqamətindəki fəaliyyətə görə kitabxana rəhbərliyinə təşəkkür edib, gələcəkdə nəfəsli alətlərə həsr olunmuş məcmuələrin də nəşrinin həyata keçirilməsini təklif edib.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, professor Gülnaz Abdullazadə çıxış edərək orijinal layihələrə görə kitabxana rəhbərliyinə təşəkkür edib. O, akademiya tərəfindən hazırlanan nəşrlərin dünyaya çatdırılmasında Milli Kitabxananın böyük işlər gördüyünü, xüsusilə belə nəşrlərin elektron variantının kitabxananın saytı vasitəsilə dünyaya yayılmasını diqqətəlayiq hal hesab etdiyini söyləyib.
Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru, professor Nazim Kazımov pedaqoji təcrübədə istifadə olunacaq bu nəşrlərin böyük əhəmiyyəti olduğunu, belə not məcmuələrinin həm musiqi məktəbi şagirdləri üçün, həm də kollec tələbələri üçün dəyərli əyani vəsait olacağını vurğulayaraq Milli Kitabxananın rəhbərliyinə və yaradıcı kollektivə uğurlar arzulayıb.
Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova bütün təbriklərə qoşularaq, uzun illər pis vəziyyətdə olan not nəşrlərinin çapı məsələsinin artıq sistemli xarakter aldığını, konservatoriyanın bütün nəşrlərinin mütləq şəkildə bir növ arxiv rolunu oynayan Milli Kitabxanaya təqdim edildiyini və vokal kafedrası üçün də vəsaitlərin çapına ehtiyac olduğunu qeyd edib. O, Azərbaycan bəstəkarlarının fortepiano əsərlərinin nəşrinin və satışının, Elza İbrahimovanın mahnılarının yüksək tərtibatda hazırlanmasının, Cahangir Cahangirovun notlarının çap edilməsinin vacibliyini də diqqətə çatdırıb.
Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, not məcmuələrinin redaktoru Xalq artisti Sərdar Fərəcov çıxış edərək kitabxananın rəhbərliyi başda olmaqla bütün əməyi keçənlərə təşəkkür edib, gələcəkdə Xalq çalğı alətləri orkestri üçün də vəsaitlərin hazırlanacağını söyləyib.
Tədbirin sonunda Azərbaycan Milli Kitabxanası ilə Bakı Musiqi Akademiyası arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Kərim Tahirov əməkdaşlıq haqqında müqavilənin imzalanmasından sonra Bakı Musiqi Akademiyası ilə əlaqələrin daha da inkişaf edib möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Qeyd edək ki, müqavilənin şərtlərinə müvafiq olaraq qarşılıqlı maraq doğuran beynəlxalq layihələrdə və proqramlarda birgə iştirak, ölkə üzrə birgə layihələrin həyata keçirilməsi, birgə elmi tədbirlərin hazırlanması və həyata keçirilməsi, görkəmli bəstəkarların, musiqi xadimlərinin yubileylərinin qeyd olunması, akademiyanın nəşrlərinin mütəmadi olaraq Milli Kitabxanaya təqdim olunması, bəstəkarların və musiqi xadimlərinin yeni əsərlərinin təqdimatı, kitab sərgilərinin təşkili və s. nəzərdə tutulub.
Sonda Qonaqlar “Milli musiqi xəzinəmizdən” layihəsi çərçivəsində nəşr olunan not məcmuələri ilə tanış olublar.

Mədəniyyət 2022-09-21 15:38:00