×
A
A
A
Sazlamalar

Albanşünaslıq Elmi Mərkəzinin növbəti iclası keçirilib

Bakı, 21 sentyabr, AZƏRTAC

Sentyabrın 21-də AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Albanşünaslıq Elmi Mərkəzinin növbəti iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda Mərkəzin rəhbəri tarix elmləri doktoru, professor Qafar Cəbiyev aktual problemlərdən və qarşıda duran vəzifələrdən danışıb. O bildirib ki, Albaniya tarixinin, alban dövrü abidələrinin öyrənilməsi, onların memarlıq xüsusiyyətlərinin araşdırılması erməni müəlliflərinin saxta yazılarına cavab vermək üçün çox qiymətlidir. Bir ilə yaxındır ki, Albanşünaslıq Elmi Mərkəzi yaradılıb. Bu müddət ərzində bir sıra mühüm vəzifələrin həyata keçirilməsinə baxmayaraq, qarşıda görüləsi çox iş var. Bu sahənin tədqiqi üçün elmi ekspedisiyaların sayı artırılmalıdır. Xarici mətbuat orqanlarında Albaniya dövlətinin Azərbaycanın qədim dövlətlərindən biri olması məsələsi faktlarla sübut edilməlidir. İşğal dövründə təkcə torpaqlarımız deyil, tarixi-mədəni abidələrimiz də erməni vandallarının çirkin əməllərinin qurbanı olub. Bu gün qonşularımız da Albaniya dövlətinə iddialıdırlar. Biz bu şübhələrin aradan qaldırılması üçün Mərkəzin fəaliyyətini gücləndirməliyik.
İnstitutun baş direktoru professor Abbas Seyidov çıxışında qaldırılan məsələlərin aktuallığından danışıb. “Qonşularımızın Albaniya dövlətinə iddiaları böyükdür. Lakin onlar bilməlidirlər ki, Albaniya dövləti yarandığı dövrdə əsasən Azərbaycan ərazisində yerləşib. Bu gün də Albaniyanın tarixi coğrafiyasının özəyini Azərbaycan Respublikasının ərazisi əhatə edir”, - deyə alim əlavə edib.
İclasda bölmə müdirləri, dosent Taleh Əliyev və dosent Natiq Alışov problemlərdən və onların həlli yollarından danışıblar.

Elm və təhsil 2022-09-21 15:25:00