×
A
A
A
Sazlamalar

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin nəticələri açıqlanıb

Bakı, 21 sentyabr, AZƏRTAC

“Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na uyğun olaraq avqustun 30-dan sentyabrın 1-dək və sentyabrın 13-də sertifikatlaşdırmanın test mərhələsi keçirilib.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, test mərhələsində ümumilikdə 11 min 133 müəllim iştirak edib. Onlardan 8 min 766-sı müəyyənləşdirilmiş keçid balını toplayıb.
Sentyabrın 12-dən 19-dək sertifikatlaşdırmanın müsahibə mərhələsi keçirilib. Həmin mərhələdə 8 min 707 müəllim iştirak edib və onlardan 8 min 676-sı uğur qazanaraq sertifikatlaşdırmadan keçmiş hesab olunub.
Yerli təhsili idarəetmə orqanları tərəfindən sertifikatlaşdırmadan keçmiş təhsilverənlərə sertifikatlar təqdim olunacaq.
Sertifikatlaşdırmadan keçmiş 3 min 86 müəllimin vəzifə maaşına 35 faiz əlavə ediləcək, 5 min 590 təhsilverən isə 10 faiz əlavə alacaq.
Qeyd edək ki, sertifikatlaşdırma prosesinə birinci mərhələdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən Regional Təhsil idarələrinə tabe olan, həmçinin Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki məktəblərdə çalışan ibtidai sinif müəllimləri cəlb olunub.

Elm və təhsil 2022-09-21 15:10:00