×
A
A
A
Sazlamalar

Avropalılar bahalaşmanın öhdəsindən necə gəlirlər?

Praqa, 21 sentyabr, AZƏRTAC

Avropa hələ də inflyasiya əsiri olmaqda davam edir.
AZƏRTAC xəbər verir ki, bu günlərdə aparılan sosioloji sorğunun nəticələrinə görə, respondentlərin yalnız 6 faizi ümumi qiymət artımını öz üzərlərində hiss etmirlər. Rəyi soruşulanların üçdəbiri etiraf ediblər ki, qiymət artımı onlara “daha güclü” zərbə vurub. Avropalıları daha çox narahat edən ərzaq məhsullarının, yanacağın və enerji daşıyıcılarının bahalaşmasıdır. Sorğuda iştirak edən 2 min nəfərin dörddə üçü inflyasiyanın onların ailə büdcəsinə təsirindən narahatdır. Rəyi soruşulanların yarısı bildirib ki, onların ailələrində ümumi xərclər azaldılıb, digər 40 faiz isə bunu həyata keçirmək barədə planlarını açıqlayıblar. Respondentlərin 90 faizi endirimlər təklif edən bazarın öyrənilməsindən sonra alış-veriş etmək niyyətindədirlər. Sorğuda iştirak edənlərin üçdəbiri restoranlara, dörddəbiri isə mədəni tədbirlərə gedişi artıq azaltdıqlarını bildiriblər. Respondentlərin təqribən 20 faizi əlavə qazanc imkanlarını nəzərdən keçirirlər.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa

Dünya 2022-09-21 14:57:00