×
A
A
A
Sazlamalar

Bayden ABŞ-ın Rusiyada yeni səfiri vəzifəsinə Linn Treysinin namizədliyini irəli sürüb

 

Vaşinqton, 21 sentyabr, AZƏRTAC

Prezident Co Bayden hazırda Ermənistanda diplomatik missiyanın rəhbəri olan Linn Treysini ABŞ-ın Rusiyadakı səfiri vəzifəsinə təyin edəcəyini bildirib.
AZƏRTAC xəbər verir ki, Treysi bu ayın əvvəlində Moskvanı tərk etmiş və pensiyaya çıxmaq niyyətində olduğunu bildirmiş Con Sallivanı əvəz edəcək.
Treysi peşəkar diplomatdır. 2014-2017-ci illərdə ABŞ-ın Moskvadakı səfirliyində ikinci yüksəkvəzifəli şəxs – missiyanın rəhbərinin müavini olub. Daha əvvəl Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri Bürosunda Rusiya məsələlərinə dair böyük müşavir vəzifəsini tutub. Treysinin təyinatı Ukraynada müharibə ilə əlaqədar gərginlik fonunda Amerika-Rusiya münasibətləri üçün həlledici vaxtda baş verir.
Treysi öz karyerası müddətində müxtəlif ölkələrdə, o cümlədən Türkmənistan, Pakistan və Qazaxıstanda ABŞ-ın diplomatik nümayəndəliklərində çalışıb. Sovet İttifaqı ilə bağlı tədqiqatlar üzrə ixtisaslaşıb, hüquq təhsili alıb, rus dilini bilir.
Sallivan gedəndən sonra ABŞ-ın Moskvadakı səfirliyinə bu ölkənin Rusiyadakı missiyasının rəhbərinin müavini Elizabet Rud başçılıq edir.
Qeyd etmək lazımdır ki, Treysi ABŞ-ın Ermənistandakı səfiri vəzifəsində olarkən, radikal erməni-Amerika təşkilatlarına xoş gəlmək üçün heç bir canfəşanlıq etməyib, bununla əlaqədar Amerika Erməni Milli Komitəsi Treysinin fəaliyyətinə “F” qiyməti (“1” qiymətinin ekvivalenti) verib.

AZƏRTAC–ın Vaşinqton bürosu

 

Dünya 2022-09-21 12:04:00