×
A
A
A
Sazlamalar

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası Polşanın turizm şirkətləri ilə əməkdaşlığı artıracaq

Bakı, 21 sentyabr, AZƏRTAC
Sentyabrın 20-də Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Polşanın Azərbaycandakı səfiri Rafal Poborski arasında turizm əlaqələri müzakirə olunub.
ATAA-dan AZƏRTAC-a bildirilib ki, Polşanın Bakıdakı səfirliyində baş tutan görüşdə iki ölkənin turizm təşkilatları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və inkişafı, turizm şirkətləri üçün infoturların təşkil olunması, qarşılıqlı turist səfərlərinin sayının artırılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə çıxış edən Assosiasiyanın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Azərbaycan ilə Polşa arasında birbaşa aviauçuşların sayının artırılmasının iki ölkə arasında turizm əlaqələrinə və turist sayına müsbət təsir edəcəyini bildirib.
Assosiasiya sədri üzv şirkətlərlə Polşalı şirkətlər arasında əməkdaşlığın artırılmasının, B2B (biznesdən-biznesə) görüşlərin keçirilməsinin və təcrübə mübadiləsinin aparılmasını vacib olduğunu da qeyd edib.
Polşa ilə Azərbaycan arasında xoş və mehriban əlaqələrin mövcud olduğunu vurğulayan səfir Rafal Poborski turizm sahəsində əlaqələrin genişləndirilməsində və inkişafında ölkəsinin maraqlı olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, may ayından etibarən “LOT Polish Airlines” şirkəti Varşava-Bakı-Varşava marşrutu üzrə müntəzəm uçuşlar həyata keçirir.

Mədəniyyət 2022-09-21 11:15:00