×
A
A
A
Sazlamalar

Çində sabiq məmur rüşvətə görə 15 il həbs cəzasına məhkum edilib

Bakı, 21 sentyabr, AZƏRTAC

Çinin cənub-qərbində yerləşən Çunsin şəhər merinin sabiq müavini Den Hueylin rüşvət aldığına görə 15 il müddətinə azadlıqdan məhrum edilib.
AZƏRTAC xəbər verir ki, Çinin Mərkəzi Televiziyasının məlumatına görə, müvafiq qərar çərşənbə günü Hebey əyalətinin Baodin şəhərinin Xalq Məhkəməsi tərəfindən qəbul edilib.
İstintaq nəticəsində məlum olub ki, 1999-cu ildən 2020-ci ilə qədər şəhərin İctimai Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsində çalışan sabiq məmur məsul mövqeyindən şəxsi maraqları üçün istifadə edib. Den Hueylin kadr və digər işgüzar məsələlərdə kənar şəxslərə yardım etmək üçün pul alıb. Onun ümumilikdə 42,6 milyon yuandan (6,1 milyon dollar) çox rüşvət aldığı sübuta yetirilib.
Çində korrupsiyaya qarşı mübarizə 2012-ci ildə Si Cinpinin başçılığı ilə liderlərin “beşinci nəslinin” hakimiyyətə gəlməsi ilə daha da güclənib. Son bir neçə ildə genişmiqyaslı antikorrupsiya kampaniyası nəticəsində sıravi məmurlarla yanaşı, yüksək vəzifəli şəxslər də tutduqları vəzifələrdən azad edilib və ömürlük həbsə məhkum olunmağa qədər cəzalandırılıb.

 

Dünya 2022-09-21 11:07:00