×
A
A
A
Sazlamalar

Aİ Donbasdakı referendumlara görə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər

Bakı, 21 sentyabr, AZƏRTAC

Moskva Donbasdakı referendumların nəticələrini tanısa, Avropa İttifaqı Rusiyaya qarşı yeddinci sanksiyalar paketini tətbiq edə bilər, lakin bu məsələdə üzv ölkələr arasında ortaq mövqe yoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə Euractiv portalı Avropa İttifaqının rəsmi şəxslərinə istinadla məlumat yayıb. Onların sözlərinə görə, belə olacağı təqdirdə səsvermənin təşkilində və keçirilməsində iştirak edən şəxslər sanksiyalara məruz qalacaq. Həmçinin yeni sektoral sanksiyaların qəbulu da mümkündür.
Lakin Avropa İttifaqının bəzi diplomatlarının fikrincə, növbəti sanksiyalar paketinin qəbul edilməsi şansları minimaldır, belə ki, məhdudiyyətlər Macarıstan tərəfindən bloklana bilər.
Buna baxmayaraq, referendumların keçiriləcəyi regionlarla ticarətə və onların maliyyələşdirilməsinə sanksiyaların tətbiqi mümkündür. Avropa İttifaqı, həmçinin həmin bölgələrin yerli hakimiyyət nümayəndələrinə qarşı da sanksiya tətbiq edəcək.

Dünya 2022-09-21 10:44:00