×
A
A
A
Sazlamalar

TÜRKSOY-un Fikrət Əmirova həsr etdiyi opera günlərinin sonuncu tədbiri Kiprdə təşkil olunacaq

İstanbul, 21 sentyabr, AZƏRTAC

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) türk dünyası opera sənətçilərini bir araya gətirən ənənəvi tədbiri olan “23-cü TÜRKSOY Opera Günləri” keçirilir.
AZƏRTAC xəbər verir ki, TÜRKSOY-un Daimi Şurası tərəfindən 2022-ci il görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100 illiyi ilə bağlı onun anım ili elan edilib. Bu münasibətlə TÜRKSOY-un 23-cü Opera Günləri Fikrət Əmirova həsr olunur. Tədbirlərdə dahi bəstəkarın bədii əsərlərindən və şəxsi arxivindən ibarət fotosərgilər də sənətsevərlərin diqqətinə təqdim olunur.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunan tədbir Türkiyənin Bursa və İzmir vilayətləri, eləcə də Şimali Kipr Türk Respublikasında (ŞKTC) keçirilir. Tədbir nazirliyin Gözəl Sənətlər Baş İdarəsinin Bursa Dövlət Simfonik Orkestri, Dövlət Opera və Balet Ümumi Müdirliyi, İzmir Dövlət Opera və Balet Orkestri, İzmir Böyükşəhər Bələdiyyəsi iştirakı, eləcə də ŞKTC-nin Baş nazirinin müavini, Turizm, Mədəniyyət, Gənclər və Ətraf Mühit Nazirliyinin himayəsi altında keçirilir.
İlk belə tədbir sentyabrın 15-də Bursa vilayətində, 18-də isə İzmirdə baş tutub.
Sentyabrın 20-də isə növbəti konsert proqramı uzun fasilədən sonra ŞKTC-nin Mağusa şəhərinin Famagusta Otello qalasında keçirilib. Kiprdə daha bir tədbir sentyabrın 21-də Girne Bellapais Manastırında keçiriləcək.
“23-cü TÜRKSOY Opera Günləri” çərçivəsində keçiriləcək konsertlərdə türk dünyasının müxtəlif ölkələri-Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, ŞKTC və Şimali Makedoniyadan ifaçılar və icmalar çıxış edirlər. Türk Dünyası opera müğənnilərini Qırğızıstanlı pianoçu İuliya Babiç müşayiət edir.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

 

Mədəniyyət 2022-09-21 06:51:00