×
A
A
A
Sazlamalar

Tehran valisi: İğtişaşlarda xarici dövlətlərin əli var

Tehran, 21 sentyabr AZƏRTAC

Tehranda baş verən iğtişaşlarda bəzi xarici dövlətlərin xüsusi xidmət orqanlarının və səfirliklərinin əli olduğu açıq-aşkar şəkildə özünü göstərir.
AZƏRTAC xəbər verir ki, bu barədə Tehran valisi Möhsün Mənsuru özünün tviter hesabında yazıb. Vali qeyd edib ki, polis sabitliyi pozan bir sıra adamları həbs edib. Həbs olunanlar arasında 3 nəfər xarici dövlətin vətəndaşı var. Bu isə onu deməyə əsas verir ki, İranda iğtişaşların yaranmasında bəzi xarici dövlətlər maraqlıdırlar.
Nəzərə çatdıraq ki, sentyabrın 16-da Tehranda 22 yaşlı Məsihi Əmini adlı qız baş örtüyünü düzgün örtmədiyi üçün polis şöbəsinə aparılıb. Şöbədə qız özünü pis hiss edib və xəstəxanaya aparılıb və bir neçə saatdan sonra xəstəxanada ölüb.
Artıq 4-cü gündür ki, İranın Məşhəd, Tehran, Rəşt, İsfahan və digər şəhərlərində kütləvi aksiyalar keçirilir. Aksiya iştirakçılarının çıxışları dağıntılarla müşahidə olunur. Artıq polis və aksiyaçılar arasında baş vermiş iğtişaşlarda xəsarət alanlar var. Məşhəddə hadisə yerinə gələn polisə və təcili tibbi yardım xidmətinə məxsus olan avtomobil yandırılıb.

Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

 

Dünya 2022-09-21 02:30:00