×
A
A
A
Sazlamalar

İranda kütləvi aksiyalar davam edir

Tehran 21 sentyabr, AZƏRTAC

Bu saatlarda Tehranın bir sıra meydan və küçələrdə kütləvi aksiyalar keçirilir.
AZƏRTAC İranın İSNA xəbər agentliyinə istinadla xəbər verir ki, etiraz edən insanlar zibil qutularını yandıraraq, bankların şüşələrini sındırırlar. Polis aksiyaçılara qarşı zor tətbiq etsə də, aksiyanı dağıtmaq mümkün olmur. Kişavərz, Vəli Əsr, Kərim xan Zənd küçələrinə toplaşan insanlar hökumət binalarına tərəf hərəkət edirlər. Polis yürüşün qarşısını almağa çalışsa da bunu bacarmır.
Nəzərə çatdıraq ki, sentyabrın 16-da 22 yaşlı Məsihə Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi İranda ictimai-siyasi vəziyyəti gərginləşdirib.
Yerli mətbuatın yazdığına görə baş örtüyünün düzgün olmadığına görə, zorla maşına mindirilib polis şöbəsinə aparılan kürd əsilli Məsihə Əmini orada zorakılığa məruz qalaraq huşunu itirib. Xəstəxanaya çatdırıldıqda isə həyatını itirib. Gənc xanımı zorla şöbəyə aparan polis əməkdaşı həbs edilib. Həmin şöbənin rəisi işdən uzaqlaşdırılıb. İranın parlamenti, baş prokurorluğu hadisəni araşdırır. Prezident İbrahim Rəisi, parlamentin sədri Məhəmməd Qalibaf və digər rəsmi şəxslər Məsihə Əmininin ailəsinə zəng vuraraq başsağlığı verib və bu bədbəxt hadisədən təəssüfləndiklərini bildiriblər.
Bütün bunlara baxmayaraq, İranın Tehran, Təbriz, İsfahan, Şiraz, Kirman və başqa böyük şəhərlərində kütləvi aksiyalar davam edir. Rəşt şəhərindəki aksiyada 22 nəfər həbs olunub. Digər şəhərlərdə də çox sayda aksiya iştirakçısı həbs edilib. Bəzi yerlərdə aksiyaçılara qarşı silah tətbiq edilib və polislə qarşıdurmada xəsarət alanların olduğu barədə məlumatlar var.
Siyasi analitiklər hesab edirlər ki, M. Əmininin ölümü İranda etiraz etmək üçün insanlara stimul verib. Bu gün İranda əhali ağır sosial-iqtisadi şərtlər altında yaşamaq məcburiyyətində qalıb. ABŞ tərəfindən tətbiq edilən iqtisadi sanksiyalar ölkədə ərzağın qiymətinin sürətlə qalxmasına, işsizliyin yaranmasına, aztəminatlı ailələrin sayının artmasına gətirib çıxarıb. İran hökuməti Qərb dövlətləri ilə danışıqlar aparsa da, heç bir nəticə əldə edə bilmir. Yığılıb qalan və həll olunması olduqca çətin olan sosial problemlər əhalinin kütləvi çıxışlarına səbəb olub.
Nəzərə çatdıraq ki, Prezident İbrahim Rəisi hazırda Nyu-Yorkda BMT-nin sessiyasında iştirak edir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

 

Dünya 2022-09-21 01:24:00