×
A
A
A
Sazlamalar

Sahib Paşazadə: Bu gün Üzeyir Hacıbəylinin ruhu şaddır

Şuşa, 20 sentyabr, Emil Məlikov, AZƏRTAC
Mən artıq doğma Şuşamızda bir neçə dəfə olmuşam və hər dəfə bura gələndə, yeni bir çalarlar kəşf edirəm. Bəzi məqamlar var ki, biz onu sözlə ifadə edə bilmirik. Bura Üzeyir Hacıbəylinin, Bülbülün, həmçinin digər dahilərin vətənidir və mən düşünürəm ki, hər dəfə burada belə möhtəşəm festivallar, konsertlər keçirildikcə onların ruhları bura qayıdır. Onların ruhları şaddır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalı çərçivəsində Şuşada keçirilən konsertin solisti, tarzən, Əməkdar artist Sahib Paşazadə deyib.
“Mən bir musiqiçi olaraq, bir vətəndaş olaraq özümü çox xoşbəxt hiss edirəm ki, bu gün burada mən də öz töhfəmi verə bilirəm. Çox şükür ki, biz Şuşadayıq və buna görə də Ali Baş Komandan, Prezident İlham Əliyevə və Ordumuza təşəkkür edirəm ki, bu sevinci bizə yaşadıblar. Allah şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun və qazilərimizə də cansağlığı versin”.

Mədəniyyət 2022-09-20 19:33:00