×
A
A
A
Sazlamalar

Polad Bülbüloğlu: Şuşada anadan olmuş bəstəkarların əsərlərinin Şuşamızda ifa olunması çox gözəl ənənədir

Şuşa, 20 sentyabr, Emil Məlikov, AZƏRTAC
Şuşa bizim mədəniyyətimizin paytaxtıdır. Bugünkü konsert Üzeyir Hacıbəylinin doğum günü münasibətilə keçirilir. Keçən il də elə bu vaxtlar burada, Şuşada idim.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalı çərçivəsində Şuşada keçirilən konsertdə iştirak edən Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlu deyib.
“Məlumdur ki, artıq güllələnmiş abidələr və Üzeyir bəyin abidəsi də artıq Şuşadadır. Mən mədəniyyət naziri olanda o zamanlarda biz həmişə sentyabrın 18-də Fəxri xiyabana Üzeyir bəyin məzarını ziyarət edərdik və oradan da güllələnmiş abidələrin o vaxtlar qoyulduğu yerə - İncəsənət Muzeyinə gedib gül qoyardıq. Biz bu gün Şuşada artıq onların öz doğma yurdlarında gəlib heykəlləri önünə əklillər, güllər qoyuruq. Bu da bir ənənədir və mən çox şadam ki, Üzeyir bəyə həsr olunan bu festival hər il belə gözəl şəkildə davam edir. Bu gün çox məmnunluq hissi keçirirəm ki, vaxtilə bizim təşkil etdiyimiz Xalq Çalğı Alətləri Orkestri çox gözəl formada ifalar nümayiş etdirir. Bu da çox gözəldir ki, Şuşada anadan olmuş bəstəkarların əsərləri Şuşamızda ifa olunur. Mənim çoxillik dostum Fərhad Bədəlbəyli çox gözəl formadadır. Bu il onun 75 illiyidir. İnşallah qeyd edəcəyik və o, bu gün burada bir daha sənətinin peşəkarı olduğunu nümayiş etdirdi. Ən əsas da hər dəfə Şuşamızda olanda biz çox sevinirik. Qələbə həmişə bizimlə olacaq və bu Qələbəni bizə yaşadan şəhidlərimizə bir daha Allah rəhmət eləsin”.

Mədəniyyət 2022-09-20 18:57:00