×
A
A
A
Sazlamalar

Yeni Suraxanı qəsəbəsində məhəllədaxili yollar təmir edilir VİDEO

Bakı, 20 sentyabr, AZƏRTAC

Cari ilin “İnvestisiya Proqramı”na əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində 14 iyul küçəsindən ayrılan məhəllədaxili yollarda 3 və 5-ci döngələr üzrə aparılan təmir işləri yekunlaşır.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata əsasən, uzunluğu 1000 metr, eni isə 6 metr təşkil edən sözügedən yollar torpaq əsaslı olduğu üçün gediş-gəlişdə, xüsusən payız-qış mövsümündə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.
Yenidənqurma işləri çərçivəsində zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının tikintisi və küçələrin profilə salınması işləri görülüb, optimal qum-çınqıl qarışığından yol əsası işlənilib.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən daha sonra yollara yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülüb. Asfalt döşənən ərazilərdə isə kommunikasiya xətlərinə aid quyu qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri aparılıb.
Xatırladaq ki, agentlik tərəfindən 2021-ci ildə Suraxanı rayonu ərazisində ümumi uzunluğu 18,5 kilometr təşkil edən küçə təmir edilib. 2022-ci ildə rayon üzrə təmir olunan küçə və yolların ümumi uzunluğu isə 12,5 kilometrdir.

Tikinti̇ 2022-09-20 18:55:00

Video