×
A
A
A
Sazlamalar

Respublikaçı senatorlar Kiyevə 12 milyard dollar yardım ayrılmasını dəstəkləyir

Bakı, 20 sentyabr, AZƏRTAC

Amerikalı respublikaçı senatorlar Ukraynaya ABŞ administrasiyasının tələb etdiyi təxminən 12 milyard dollar məbləğində əlavə yardım ayrılmasını dəstəkləməyə hazırdır.
AZƏRTAC xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb. Telekanalın məlumatına görə, Ağ evin mətbuat katibi Karin Jan-Pyer ötən həftə Co Bayden administrasiyasının Kiyevə əlavə yardımı dəstəkləməyə çağırdığını bildirib. Administrasiya Ukraynaya yardım üçün vəsaitin sentyabrın 30-da başa çatacaq maliyyə ilində ayrılmasına imkan verən qanun layihəsinə daxil olunmasına ümid bəsləyir.
Texas ştatından olan respublikaçı senator Con Kornin telekanala deyib ki, Konqres üzvləri yardım paketinə məhz nəyin daxil olunacağını hələ müzakirə edirlər. Onun sözlərinə görə, ABŞ təşəbbüs çərçivəsində Kiyevə 11 milyard dollara yaxın humanitar, iqtisadi və hərbi yardım təqdim edəcək. Dəqiq məbləğ isə hələlik müəyyənləşməyib.
Pentaqon bundan əvvəl bildirmişdi ki, hazırkı administrasiyanın dövründə Birləşmiş Ştatlar Ukraynaya ümumilikdə 15,8 milyard dollara yaxın hərbi yardım ayırıb.

Dünya 2022-09-20 17:34:00