×
A
A
A
Sazlamalar

Əmanətçilərin hücumlarına qarşı Livan bankları qapılarını bağlayıb

Qahirə, 20 sentyabr, AZƏRTAC

Son həftələr depozitləri dondurulan bank əmanətçilərinin silahlı hücumlarına məruz qalan Livan bankları 3 gün müddətinə qapılarını bağlayıblar.
AZƏRTAC “Əl Ərəbiyə” telekanalına istinadla xəbər verir ki, bununla bağlı qərar qəbul edən Livan Banklar Assosiasiyası polisin banklarda dollar hesabında əmanətləri olan vətəndaşların silahlı hücumları qarşısında aciz olduğunu bildirib və təhlükəsizlik tədbirlərinin gücləndirilməsini tələb edib. Bu ölkənin daxili işlər naziri əvəzi Bəssam Mavlavi isə bəyan edib ki, əmanətçilərin banklara silahlı hücumları hökumətə qarşı olan dairələr tərəfindən təşkil olunur.
Hazırda dərin maliyyə və iqtisadi böhran yaşayan Livanda banklar dollar hesablarında olan əmanətləri “dondurmaqla” yanaşı, valyuta satışını da dayandırıb. Beyrutun “qara bazar”ında 1 ABŞ dolları 38,50 Livan funtuna satılır. Sentyabrın 19-da Livana səfər edən Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti bu ölkəyə əlavə kreditlər ayırmaq üçün iqtisadi islahatların həyata keçirilməsini və ictimai-siyasi sabitliyin bərqərar olmasını tələb edib.


Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Dünya 2022-09-20 16:35:00