×
A
A
A
Sazlamalar

Sabunçuda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 47 nəfər saxlanılıb VİDEO

Bakı, 20 sentyabr, AZƏRTAC

Sabunçu rayonunun Pirşağı, Kürdəxanı, Bakıxanov, Balaxanı, Maştağa və Ramana qəsəbələrində narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı rayon polis idarəsinin, ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən daxil olmuş məlumatlar əsasında əməliyyatlar keçirilib, ümumilikdə 47 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı müəyyənləşdirilib ki, saxlanılanların bir neçəsi əvvəllər də eyni cinayətlər etdikləri, yəni narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün məhkum olunmuş şəxslərdir. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən 5 kiloqramdan çox müxtəlif növ narkotik maddə aşkarlanıb. Onlar əldə etdikləri narkotiklərin qeyd edilən qəsəbələrdə satışını təşkil ediblər.
Saxlanılanların cinayət əlaqələrinin müəyyənləşdirilməsi, həmçinin Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

 

 

Hadisə 2022-09-20 16:11:00

Video