×
A
A
A
Sazlamalar

"Şuşa- Qarabağın dünəni, bu günü, sabahı": Üzeyir Hacıbəyli

Bakı, 20 sentyabr, AZƏRTAC

"Şuşa İli" ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyinin "Şuşa- Qarabağın dünəni, bu günü, sabahı" adlı layihəsi müxtəlif mövzular üzrə təqdimatlarla davam edir.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində təqdimatlardan biri Azərbaycan musiqi mədəniyyətinin və milli bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəyliyə həsr olunub.
Üzeyir Hacıbəyli Azərbaycan milli operasının, eləcə də Şərqdə ilk operanın əsasını qoyub. O, eyni zamanda, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi tanınıb.
Üzeyir Hacıbəyli 1885-ci il sentyabrın 18-də Azərbaycanın Şuşa şəhəri yaxınlığında Ağcabədi kəndində anadan olub.
1908-ci il yanvarın 25-də Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının Bakıda H. Z. Tağıyevin teatrında ilk tamaşası nümayiş edilib. Bu əsərlə Azərbaycanda və bütün Şərq aləmində opera sənətinin əsası qoyuldu.
Onun müəllifi olduğu “Milli marş”, “Çırpınırdın Qara dəniz” bu gün bütün türk dünyasının himninə çevrilmişdir. “Azərbaycan marşı” isə 1992-ci ildə Azərbaycan Respublikasının Dövlət Himni kimi qəbul olunub.
1937-ci il aprelin 30-da Azərbaycan Opera və Balet Teatrında “Koroğlu” operası ilk dəfə tamaşaya qoyuldu. Bu əsər Ü.Hacıbəyli yaradıcılığının zirvəsini təşkil edir.
Üzeyir Hacıbəyli 1948-ci il noyabrın 23-də Bakıda vəfat etmiş və Fəxri xiyabanda dəfn olunub.
Xalqımız Üzeyir Hacıbəylinin xatirəsini əziz tutur. Onun Şuşada və Bakıda ev-muzeyləri açılmış, heykəlləri ucaldılmışdır. Azərbaycan Dövlət Konservatoriyasına (Bakı Musiqi Akademiyası), Azərbaycan Dövlət Simfonik Orkestrinə onun adı verilib. Bakıda Üzeyir Hacıbəylinin adına küçə, onun adını daşıyan gəmi vardır. UNESCO-nun qərarı ilə onun 100, 110, 120 illik yubileyi beynəlxalq miqyasda keçirilib.
Dahi bəstəkarın dünyaya göz açdığı gün həm də ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanına əsasən, bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir. Təəssüflər olsun ki, sentyabrın 12-də gecə saatlarından etibarən Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdikləri genişmiqyaslı təxribat nəticəsində baş verən döyüş toqquşmasında Azərbaycan Silahlı Qüvvələri sırasından şəhidlərimizin olması ilə əlaqədar 18 Sentyabr - Milli Musiqi Gününə həsr olunan bütün təntənəli tədbirlər Mədəniyyət Nazirliyi tərəfindən təxirə salınıb. Musiqi Günü çərçivəsində keçiriləcək festivalın proqramında olunan dəyişikliklərə əsasən, yalnız elmi-nəzəri konfrans, ustad dərsləri və akademik musiqi tədbirləri saxlanılıb.

Mədəniyyət 2022-09-20 11:23:00