×
A
A
A
Sazlamalar

“Mədəniyyətin iqtisadiyyatı: Şuşadan inkişaf impulsları" mövzusunda beynəlxalq elmi-praktik konfrans Bakıda davam edir

Bakı, 20 sentyabr, AZƏRTAC

Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə Şuşada təşkil edilən “Mədəniyyətin iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfrans sentyabrın 20-də Bakıda işini davam etdirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.
“Şuşa İli” çərçivəsində #think4culture çağırışı ilə gerçəkləşən tədbir ölkəmizdə mədəniyyət iqtisadiyyatının inkişaf perspektivlərinə həsr olunub. Beynəlxalq konfransda 15-ə yaxın ölkədən, o cümlədən Türkiyə, Böyük Britaniya, İsrail, Almaniya, Hindistan, Qazaxıstan və digər ölkələrdən sahə üzrə ekspertlər, eləcə də yerli mütəxəssislər iştirak edirlər.
Startaplar üzrə tanınmış mütəxəssis, israilli ekspert Tal Katranın moderatorluğu ilə başlayan konfransda o, Şuşaya ilk səfəri ilə bağlı təəssüratlarını bölüşüb. Bildirib ki, səfər çərçivəsində gördükləri onda Azərbaycan mədəniyyəti ilə bağlı böyük təəssürat yaradıb: “İlk olaraq Qobustan Milli Tarix-Bədii Qoruğunda olduq. Burada qoruqla bağlı zəngin məlumat əldə etdik. Füzulidən keçərkən ermənilərin törətdiyi dağıntılar bizi çox məyus etsə də az bir vaxtda inşa edilərək istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı bir daha göstərir ki, az vaxtda bu yerlər öz keçmiş şöhrətini tam bərpa edəcək”.
Təşkil edilən konfransın əhəmiyyətindən danışan israilli ekspert bildirib ki, tədbirdə beynəlxalq məruzəçilər var onlar öz təcrübələrini bölüşəcək və məruzələrdə mədəniyyət iqtisadiyyatı termininin daşıdığı məna yükü tam dolğunluğu ilə bir daha diqqətə çatdırılacaq.
Konfransda çıxış edən mədəniyyət naziri Anar Kərimov torpaqlarımızın işğaldan azad etdikdən sonra qarşıda dayanan əsas məsələlərdən danışıb. Bildirib ki, bu, bir neçə mərhələdən keçir, onlardan biri də mədəniyyətin dirçəldilməsidir: “Qayıdışımızın ilk günləri “Xaribülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri, “Məclisi-üns” və digər tədbirləri keçirtdik. Əgər biz bu günədək mədəniyyətin mənəvi tərəfini düşünürdüksə indi isə mədəniyyətin iqtisadiyyat tərəfini düşünürük. İki gündür davam edən beynəlxalq tədbirdə tanınmış mütəxəssislərin iştirakı ilə mədəniyyət iqtisadiyyatına həsr olunmuş müzakirələr aparılır. Bu gün biz vergi güzəştləri, müəllif hüquqlarının qorunması kimi məsələləri də müzakirə edəcəyik”.
Nazir deyib ki, 44 günlük Vətən müharibədən və Zəfərdən sonra bizim qarşımızda mühüm vəzifələr durur: “Həmin əraziləri bərpa etmək, eyni zamanda, işğaldan azad olunmuş ərazilərə mədəniyyəti qaytarmalıyıq və qaytarırıq. Şuşada və digər işğaldan azad olunmuş ərazilərdə keçirilən silsilə tədbirlər də buna misaldır".
Nazir sözügedən tədbirin vacibliyini diqqətə çatdırıb: "Bu tədbir də məhz Qarabağa qayıdışımızın, oradakı bərpa işlərimizin bir parçasıdır, bir mərhələsidir. Həm oradakı 30 illik dağıntı və vandalizmi, həm də bugünkü inkişafı əyani şəkildə görmək və təbliğatını aparmaq baxımından vacibdir".
Nazir yaradıcı fəaliyyətlə məşğul olan qurumların iş prinsipinə də toxunub: "Mədəniyyət və yaradıcı sənayelər 2022-2026-cı illər dövlət proqramında prioritet inkişaf perspektivləri olan sahələr kimi öz əksini tapıb. Bizim başlıca vəzifəmiz isə həmin yaradıcı fəaliyyəti olan qurumlara müdaxilə etməməkdir. Əksinə onları vahid qüvvə kimi birləşdirib, özəl sektorlarla dövlət qurumları arasında körpü rolunu oynamaqdır. Bu baxımdan, dəfələrlə yaradıcı sənaye ilə məşğul olan qurumlarla, sektorlarla görüşlər keçirilir, təkliflər dinlənilir".
Tədbirdə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, elm və təhsil nazirinin müavini Firudin Qurbanov və Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva açılış nitqi ilə çıxış edərək konfransın işinə uğurlar arzulayıblar.
Konfransı panel müzakirələrlə davam etdirilib.

 

Mədəniyyət 2022-09-20 10:54:00