×
A
A
A
Sazlamalar

Bakı Musiqi Akademiyasında ustad dərs keçirilib

Bakı, 20 sentyabr, AZƏRTAC

Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalı çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Böyük Zalında Alfred Korto adına Paris Ali Musiqi Məktəbinin tanınmış müəllimi, professoru, A.İppolitova-İvanova adına beynəlxalq mükafat laureatı, eləcə də fransasız İncəsənət və Ədəbiyyat Ordeninin sahibi Rəna Midhət qızı Şereşevskaya tərəfindən ustad dərs keçirilib.
BMA-dan AZƏRTAC-a bildirilib ki, tədbirin əvvəlində Azərbaycanın Xalq artisti, Akademiyanın Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova ustad dərsin qonaqları və iştirakçıları qarşısında çıxış edib. O, Rəna Şereşevskayanı doğma vətənində salamlayaraq, onunla görüşməyindən çox şad olduğunu bildirib.
Rəna Şereşevskaya səmimi qəbula görə təşəkkür edib və öz tərcümeyi-halı haqqında dinləyicilərlə bölüşüb.
Ustad dərsində istedadlı gənc ifaçılar: Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri Əli Vəliyev və Rəvan Paşazadə, həmçinin Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri Rəşid Behbudov və Əli Adıgözəlov Lüdviq van Bethovenin Sonataları N.18, 21, Friderik Şopenin Skerzo N.1, Sergey Raxmaninovun N.6, op.39 etüd-şəklini ifa ediblər.
Ustad dərs zamanı R.Şereşevskaya öz bilik və təcrübəsini məmnuniyyətlə həmkarları ilə bölüşüb. O, dəfələrlə gənc musiqiçilərin hazırlığının yüksək səviyyədə olduğunu vurğulayıb və müəllimlərə mükəmməl professional əməyinə görə təşəkkürünü bildirib.
R.Şereşevskayanın hər bir ifaçı ilə işləmə prosesi böyük qayğı ilə səciyyələnirdi. Musiqiçi ən xırda detallara və nüanslara diqqət yetirir, müəyyən ifaçılıq tapşırıqlarının həllinin ən sadə yollarını nümayiş etdirirdi.
R.Şereşevskaya əsərin yaranma tarixinə, bədii məzmununun xüsusiyyətlərinə xüsusi diqqət yetirir, pianoçuların diqqətini hər bir səslənmə və melodik dönüşün simvolik mənasına cəlb edirdi. Uzun müddət davam edən ustad dərsdə gənc və təcrübəli ifaçılar özləri üçün bir çox maraqlı məlumatlar qazandılar.

Mədəniyyət 2022-09-20 09:29:00