×
A
A
A
Sazlamalar

“Technest” Təqaüd Proqramının 135 təqaüdçüsü regionlarda işlə təmin olunacaq

Bakı, 19 sentyabr, AZƏRTAC
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Azərbaycan HR İnstitutunun tərəfdaşlığı çərçivəsində “Technest” Təqaüd Proqramının heyəti nüfuzlu şirkətlərin HR menecerləri ilə bir araya gəlib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, 15 qabaqcıl şirkətin iştirak etdiyi görüşdə İKT üzrə yerli mütəxəssislərin yetişdirilməsini sürətləndirmək, əmək bazarında tələb və təklif arasında balansı tənzimləmək və ən əsası milli İKT kadr bankını yaratmaq əsas müzakirə mövzularından olub.
Görüşdə işəgötürənlərin İKT sahəsi üzrə kadr ehtiyacının “Technest” təqaüdçüləri ilə təmin olunması istiqamətində fəaliyyət planı təqdim edilib.
Eyni zamanda, görüş iştirakçıları regionlarda İKT üzrə mütəxəssislərin yetişdirilməsi və kadrların bölgələrdə işlə təmin olunması məsələsinə də toxunublar. İlk addım olaraq 135 “Technest” təqaüdçüsünün regionlarda işlə təmin olunması razılaşdırılıb.
Azərbaycan HR İnstitutunun rəhbəri Emil Hüseynov bildirib ki, “Technest” Təqaüd Proqramının təqaüdçüləri hesabına regionlarda İKT üzrə mütəxəssis ehtiyacının qarşılanması olduqca təqdirəlayiqdir: “Technest təqaüdçüləri artıq əmək bazarında rəqabətədavamlı və peşəkar kadrlar kimi tanınırlar. Regionlarda yaşayan gənclərin ödənişsiz olaraq İKT təhsili alması və regionlarda da işlə təmin olunması işsizliyin azaldılması və əhalinin rifahının artmasına önəmli töhfə verəcək. Bu baxımından “Technest” proqramının rolu əvəzsizdir”.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Təhsil, təqaüd və rəqəmsal savadlılıq şöbəsinin rəhbəri Fatimə Ələkbərova sözügedən əməkdaşlıqla bağlı qeyd edib ki, “Technest” brendi artıq əmək bazarında tanınır və paytaxt Bakı ilə yanaşı, regionlarda yaşayan sakinlər üçün də əlçatandır: “Hazırda 800-ə yaxın məzunumuz var və onlardan 200-ü tanınmış müəssisələrdə işlə təmin olunublar. 2022-2023-cü tədris ilində isə məzunlarımızın sayını 2000-ə çatdırmaq niyyətindəyik. Azərbaycan HR İnstitutu ilə əməkdaşlıq çərçivəsində 135 məzunumuzun regionlarda işlə təmin olunması uğurlu tərəfdaşlığın başlanğıcıdır”.

İKT 2022-09-19 19:49:00