×
A
A
A
Sazlamalar

Firuzəyi mavi sulara doğru uzanan sıldırımlı qayalarda yerləşən İtaliyanın Poliqnano a Mare şəhəri - Fotoreportaj

Bari, 19 sentyabr, AZƏRTAC

Poliqnano a Mare şəhəri İtaliyanın cənubunda, Bari əyalətində, Adriatik dənizinin sahilində yerləşir. Bura Roma İmperiyası dövründə balıqçı qəsəbəsi olub, ona görə də şəhər çoxəsrlik tarixə malikdir. Şübhəsiz ki, onun yerləşdiyi mövqe, firuzəyi mavi sulara doğru uzanan sıldırımlı qayaları və füsunkar mənzərəsi ilə turistləri cəzb etməsində mühüm rol oynayır.
Kiçik şəhər olmasına baxmayaraq, bura iki min illik tarixi ilə İtaliyanın, əsasən də Puqliya regionunun populyar turizm mərkəzlərindən biridir. Şəhər “Red Bull Cliff Diving” adlanan qayalardan suya tullanma üzrə ənənəvi dünya çempionatı sayəsində son illərdə kifayət qədər populyarlaşıb. Qayaların üzərindəki ağ rəngli və ya daş evlər, dar küçələr, küçələrdəki dini təsvirlər və divar yazıları, rəngli güllər şəhəri turistlər üçün daha cəlbedici edir.
Şəhərin mərkəzində iki hündür qaya divarı arasında yerləşən məşhur Lama Monaçile çimərliyi yerləşir. Bura həm də Cala Ponte adlanır və yay mövsümündə olduqca izdihamlı olan çınqıllı çimərlikdir. Çimərliyin digər bir xüsusiyyəti isə tarixi Via Trajana körpüsü kəsişmədə yerləşməsidir.
XIII əsrdə inşa edilən və Santa Mariya Assuntaya həsr olunmuş kilsə şəhərin simvollarından sayılır. Kilsədə Poliqnano a Mare şəhərinin qurucusu sayılan San Vitoya aid tarixi və dini əsərlər var. Sahilə yaxın ərazidə qədim Santo Stefano və XVIII əsrdə inşa edilən Purgatorio kilsələri yerləşir. Şəhər dənizə baxan bəzi qayaların üzərində yerləşən möhtəşəm təbii mağaraları ilə də məşhurdur. Sahildəki gəzinti yolunda italyan mahnıları bütün dünyada məşhurlaşan müğənni-bəstəkar Domeniko Modunyonun tunc heykəli var.
Poliqnano a Mare, həm də Puqliya regionunun məşhur Matera və Alberobello şəhərlərinə çox yaxındır.
Qeyd edək ki, Puqliya regionu UNESCO-nun dünya irsi siyahısına daxil edilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Bari

Turizm 2022-09-19 18:13:00