×
A
A
A
Sazlamalar

TOBB-Türkiyə Yaradıcı Sənayelər Məclisi ilə birgə əməkdaşlığa başlanılıb

Bakı, 19 sentyabr, AZƏRTAC

Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə heyətinin sədri Vasif Eyvazzadə ilə TOBB-Türkiyə Yaradıcı Sənayelər Məclisi başkanı Ata Kavame arasında görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Ata Kavame tədbir iştirakçılarına TOBB-Türkiyə Yaradıcı Sənayelər Məclisi və onun fəaliyyəti haqqında məlumat verib, yaradıcı sənayelərin koordinasiyasında üst qurum kimi iştirakından və töhfələrindən bəhs edib.
Sonra Ata Kavame Azərbaycanın müvafiq dövlət qurumlarını, eləcə də Azərbaycan Yaradıcı Sənayelər Federasiyasını yaxın aylarda İstanbulda keçiriləcək “Kreativ Biznes Sammiti”nə dəvət edib.
Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə heyətinin sədri Vasif Eyvazzadə ölkəmizdə gələcəkdə də yaradıcı sənayelərin inkişafı yolunda Federasiya tərəfindən ardıcıl fəaliyyətlərin həyata keçiriləcəyini bildirib. O, həmçinin İstanbulda keçiriləcək “Kreativ Biznes Sammiti” çərçivəsində Türkdilli və İslam ölkələrinin iştirakı ilə ortaq Qlobal Yaradıcı Sənayelər Platformasının yaradılması təklifini irəli sürüb.
Sonda Ata Kavame Vasif Eyvazzadəni birgə əməkdaşlığa dair fəaliyyətlərin daha dərindən müzakirəsi üçün Türkiyəyə səfərə dəvət edib.

Mədəniyyət 2022-09-19 17:18:00