×
A
A
A
Sazlamalar

“Azalternativenerji” MMC informasiya sistemlərini “Hökumət buludu”na köçürür

Bakı, 19 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanının icrası məqsədilə həyata keçirilən “Hökumət buludu”na Keçid Planında nəzərdə tutulan fəaliyyətin reallaşdırılması üçün dövlət qurumları ilə qarşılıqlı işlər davam etdirilir. Keçid Planına əsasən dövlət qurumlarının informasiya sistemlərinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzinə miqrasiyası həyata keçirilir.
RİNN-dən AZƏRTAC-a bildirilib ki, hazırda Energetika Nazirliyinin yanında fəaliyyət göstərən Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və tabeliyindəki “Azalternativenerji” MMC-nin informasiya sistemlərinin Data Mərkəzinə miqrasiyası prosesinə başlanılıb.
Plana əsasən, bərpaolunan enerji mənbələrindən istifadə edilməsi sahəsində günəş, külək və hibrid elektrik stansiyalarına malik olan “Azalternativenerji” MMC-nin bütün stansiyalarının məlumat bazası və digər sistemləri daha səmərəli olan “AzInTelecom” MMC-nin Data Mərkəzinə köçürülür.
İlkin mərhələdə ölkə ərazisində bərpaolunan enerji mənbələrinə dair bütün məlumatların miqrasiyası nəzərdə tutulur. Növbəti mərhələdə qurumun maliyyə sistemlərinin və şirkətə məxsus tətbiqlərinin də miqrasiyası müzakirə edilir.
Dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası ilə cari IT xərclərinin azalması və informasiya sistemlərinin məhsuldarlığının artırılması ilə bərabər informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı IT infrastrukturuna, operativ koordinasiya ilə yüksəkkeyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanununun tətbiqi barədə 2021-ci il 12 iyul tarixli 1387 nömrəli Fərmanında Energetika Nazirliyi tərəfindən bərpaolunan enerji mənbələri üzrə informasiya sisteminin yaradılması öz əksini tapıb.
Qeyd edək ki, “AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Bundan əlavə, “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərini ödəyən Bakı və Yevlaxda yerləşən 2 Əlçatanlıq Zonasına (Data Mərkəzinə) malikdir.
“AzInTelecom” MMC Bakı və Yevlax Data Mərkəzləri vasitəsilə fövqəladə hal zamanı bulud sisteminə miqrasiya olunmuş məlumatların qorunması xidmətini təklif edir. Qurumların məlumatları nüsxələnərək hər iki Əlçatanlıq Zonasında saxlanılır və real vaxt rejimində xidmət göstərilərək fəlakətlər zamanı sistemlərin davamlı, fasiləsiz işləməsi təmin olunur.
Əlçatanlıq Zonasının keyfiyyətli infrastruktur və peşəkar mütəxəssislər vasitəsilə dəstəklənməsi müştərilər üçün informasiya texnologiyalarından istifadənin səmərəliliyini daha da artırmağa imkan yaradır.
Şirkətə məxsus Bakı Data Mərkəzi dövlət və özəl sektoruna “Bulud infrastrukturu”, “Yerləşdirmə”, “AZCLOUD Drive”, “Arxivləşdirmə”, “Rezervlənmə”, “Microsoft” və “Oracle” məhsulları, “Virtual İP Telefoniya” kimi genişmiqyaslı, çoxşaxəli bulud xidmətlərini təqdim edir.

 

İKT 2022-09-19 13:59:00