×
A
A
A
Sazlamalar

Avstriyada Azərbaycan və türk diaspor nümayəndələri şəhidlərimizin xatirəsini anıblar

Vyana, 18 sentyabr, AZƏRTAC

Sentyabrın 18-də Vyanada Avstriya-Azərbaycan İş Adamları və Mədəniyyət Dərnəyində (AZER-DER) Ermənistanın hərbi təxribatı nəticəsində şəhid olmuş hərbçilərimizin xatirəsinə anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan və Türkiyə səfirliklərinin təmsilçiləri, Avstriyadakı Azərbaycan və türk diasporunun üzvləri, media nümayəndələri iştirak ediblər.
Mərasim Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Avstriya-Azərbaycan İş Adamları və Mədəniyyət Dərnəyinin sədri Yardım Günəş tədbir iştirakçılarına Ermənistanın son təxribatları barədə məlumat verib. Bildirilib ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı zəfərdən sonra regionda normallaşma prosesinə start verilsə də, Ermənistan sülh və əmin-amanlıqda maraqlı deyil, öz əsassız iddialarına sadiq qalmaqda davam edir və regionda sabitliyi pozmağa çalışır. Erməni diasporu və xaricdəki havadarlarına uyan Ermənistan hakimiyyəti ölkənin inkişafı və qonşularla münasibətlərin qurulması əvəzinə, ölkənin daha da təcrid olunması və iqtisadi tənəzzül girdabına yuvarlanması yolunu seçməkdə israrlıdır.
Azərbaycanın Avstriyadakı səfirliyinin konsulu Əli Qarayev çıxışında qeyd edib ki, Ermənistan tərəfinin təxribatları artıq silsilə xarakter alıb və müharibə başa çatdıqdan sonra başlanan sülh prosesinə dağıdıcı təsir göstərir. Baş vermiş ən son qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Bununla belə, Azərbaycan tərəfi təxribatlara uymayacaq, bir addım da olsun öz mövqeyindən geri çəkilməyəcək və Cənubi Qafqaz regionunda davamlı sülh və sabitliyin bərqərar olması istiqamətində təşəbbüs və səylərini davam etdirəcək. Ə.Qarayev bildirib ki, beynəlxalq ictimaiyyət Ermənistanın beynəlxalq hüquq normaları ilə bir araya sığmayan növbəti təxribatına qiymət verməli, regionda hərbi gərginliyi artırmaqdan çəkinməyə və sülh danışıqlarında konstruktiv iştiraka çağırmalıdır.
Türkiyənin Avstriyadakı səfiri Ozan Ceyhun çıxışında Azərbaycan xalqına başsağlığı verərək bildirib ki, Azərbaycanla Türkiyə eyni hiss və duyğuları paylaşan qardaş xalqlardır.
Səfir deyib ki, Azərbaycan müharibənin ardınca Ermənistana barış əlini uzadaraq, davamlı sülhün əldə olunması üçün ciddi fəaliyyətə başlayıb və bu mövqeyində səmimidir. Lakin Ermənistan öz xarici havadarlarının dəstəyi ilə Cənubi Qafqazda qalıcı sülhün və iqtisadi inkişafın qarşısını kəsmək üçün bütün vasitələrə əl atır, kommunikasiyaların açılması yolunda əngəl olmağa çalışır. O.Ceyhun Azərbaycanın bu keşməkeşli dövrü uğurla keçəcəyinə əminlik ifadə edib və bildirib ki, Türkiyə Azərbaycanın haqq işində daim onun yanındadır və ölkələrimiz “bir millət, iki dövlət“ yanaşmasını hər zaman bütün dünyaya nümayiş etdirirlər.
Mərasimdə şəhidlərin ruhuna Qurandan ayələr oxunub, ehsan verilib.


Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Diaspor 2022-09-18 18:06:00