×
A
A
A
Sazlamalar

Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri və AZEBİ-nin rəhbərliyi “Aqara” şəkər zavodunda olublar

Tbilisi, 17 sentyabr, AZƏRTAC

Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Sərxan İsmayılov və Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) idarə heyətinin sədri Nəriman Qurbanov bu ölkənin Kareli bölgəsində yerləşən və Azərbaycan sərmayəsi ilə qurulan “Aqara” şəkər zavodunda olublar.
AZƏRTAC xəbər verir ki, onlar müəssisənin rəhbərliyi ilə görüşüb, sentyabrın 16-da zavodda baş vermiş yanğının nəticələri ilə maraqlanıblar.
Bildirilib ki, “Aqara” şəkər zavodunu “Azərsun Holdinq" MMC Gürcüstanın Kareli şəhərinin Aqara kəndində inşa etdirib. “Aqara” şəkər zavodu fəaliyyəti dövründə nəinki Gürcüstanda, bütün bölgədə ərzaq tədarükünün tələbat və strukturunda mühüm rol oynayan istehsal müəssisədir. Lakin baş vermiş qəza istehsal prosesinə ciddi ziyan vurub.
Məlumat verilib ki, 10 yanğınsöndürmə briqadasının ciddi səyi nəticəsində yanğın tez bir zamanda söndürülüb. İnsan tələfatına və güclü küləyin yaratdığı çətinliklərə baxmayaraq yanğının daha böyük əraziyə keçməsinə imkan verilməyib.
Faktla bağlı araşdırma aparılır. İlkin ehtimallara görə, yanğına elektrik naqillərində baş vermiş qısa qapanma səbəb olub. Lakin bu, bir versiyadır.
İlkin məlumatlara görə, yanğın nəticəsində zavoddakı 300 tondan çox şəkər məhsulunun böyük hissəsi məhv olub.

 
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Cəmiyyət 2022-09-17 22:14:00