×
A
A
A
Sazlamalar

Cari ilin səkkiz ayında Azərbaycana dünyanın 173 ölkəsindən 1 milyondan çox turist gəlib

Bakı, 16 sentyabr, AZƏRTAC

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən cari ilin yanvar-avqust aylarında Azərbaycana dünyanın 173 ölkəsindən 1 milyon 4 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, gələnlərin 26,2 faizi Rusiya Federasiyası, 19,8 faizi Türkiyə, 11 faizi İran, 7,9 faizi Səudiyyə Ərəbistanı, 4,7 faizi Gürcüstan, 3,2 faizi Pakistan, 2,7 faizi Hindistan, 2,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,9 faiz olmaqla Ukrayna və Qazaxıstan, hər birindən 1,6 faiz olmaqla İsrail və Küveyt, 1,5 faizi Oman, 1,4 faizi Özbəkistan, 1,2 faizi Böyük Britaniya, 10,9 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 74,2 faizini kişilər, 25,8 faizini qadınlar təşkil etmişdir.
Ötən ilin eyni dövrü ilə müqayisədə Səudiyyə Ərəbistanından gələnlərin sayı 407 dəfə, Küveytdən - 167,1 dəfə, Omandan - 148,8 dəfə, Pakistandan - 27,3 dəfə, Hindistandan - 15,1 dəfə, İsraildən - 6,2 dəfə, Bəhreyndən - 6 dəfə, Qazaxıstandan - 5,8 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 5,7 dəfə, ABŞ-dan - 3,5 dəfə, Almaniyadan - 3 dəfə, Fransadan - 2,6 dəfə, Böyük Britaniyadan - 2 dəfə, Türkiyədən - 1,8 dəfə, İrandan - 1,7 dəfə, Ukraynadan - 1,7 dəfə, Rusiya Federasiyasından - 1,7 dəfə, Gürcüstandan - 23,2 faiz artıb.
2021-ci ilin yanvar-avqust ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 3,5 dəfə artaraq 254,1 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,4 dəfə artaraq 49 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,8 dəfə artaraq 335,5 min nəfər olub.
2021-ci ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 1,8 dəfə artaraq 983 min nəfərə çatıb. İrana gedən Azərbaycan vətəndaşlarının sayı 3,4 dəfə, Türkiyəyə gedənlərin sayı 1,8 dəfə, Gürcüstana gedənlərin sayı 1,8 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 1,2 dəfə artıb. Ölkə vətəndaşlarının 48 faizi Türkiyəyə, 17 faizi Rusiya Federasiyasına, 11,4 faizi İrana, 8,4 faizi Gürcüstana, 15,2 faizi digər ölkələrə səfər edib. Gedənlərin 63,9 faizini kişilər, 36,1 faizini qadınlar təşkil edir.

Turizm 2022-09-16 17:45:00