×
A
A
A
Sazlamalar

Özbəkistandakı diasporumuz beynəlxalq birliyi Ermənistana təzyiqləri artırmağa çağırıb

Bakı, 16 sentyabr, AZƏRTAC

Özbəkistanda yaşayan Azərbaycan icması ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatla əlaqədar beynəlxalq ictimaiyyətə müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) rəhbəri Firdovsi Hüseynovun imzası ilə beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda Ermənistan silahlı qüvvələri bölmələrinin sentyabrın 12-də gecədən başlayaraq törətdikləri hərbi təxribat barədə ətraflı məlumat verilib. Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü vurğulanıb.
Özbəkistanda yaşayan Azərbaycan icmasının yaranmış duruma görə dərin narahatlıq hissi keçirdiyi, beynəlxalq hüququn normalarına məhəl qoymayan Ermənistanın Cənubi Qafqaz bölgəsində normallaşma və sülh prosesinə hər vəchlə mane olmağa çalışdığı bildirilib.
RAMMM beynəlxalq birliyi Ermənistanın təcavüzkarlıq siyasətinə, revanşizm ideyalarına birdəfəlik son qoyulması və sülhə sövq edilməsi istiqamətində təzyiqləri artırmağa çağırıb.

Diaspor 2022-09-16 15:24:00