×
A
A
A
Sazlamalar

Samir Məmmədov: Rəqəmsal hökumətin inkişafı dəqiq proqnozlaşdırıla bilən iqtisadiyyatı əlçatan edəcək

Bakı, 16 sentyabr, AZƏRTAC

Rəqəmsal hökumətin inkişafı nəticəsində daha çox məlumat əldə etmək, dövlət-özəl tərəfdaşlığını möhkəmləndirmək, məlumat analitikası, süni intellekt və digər məlumatlara əsaslanan alqoritmləri təkmilləşdirmək olar.
AZƏRTAC xəbər verir ki, bu sözləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov sentyabrın 16-da “Rəqəmsal iqtisadiyyatda hesabatlılıq və şəffaflıq” mövzusunda keçirilən beynəlxalq elmi-praktiki konfransda deyib.
O bildirib ki, nəticədə ümumi dövlət xərclərinin azaldılmasına, dəqiq proqnozlaşdırıla bilən iqtisadiyyata və iqtisadi artıma, dövlət daxilində proseslərin real vaxt rejimində izlənməsinə nail olmaq asanlaşacaq: “Prezident İlham Əliyevin Fərmanına əsasən, “AzInTelecom” MMC vasitəsilə hökumət qurumları bulud əsaslı sistemə keçir. MMC-nin Bakı və Yevlax Data mərkəzləri coğrafi alternativliyi təmin etməklə dayanıqlı informasiya texnologiyaları xidməti üzrə müxtəlif beynəlxalq sertifikatlara malikdir. Hazırda 70-dən artıq dövlət qurumunun informasiya sistemləri və ehtiyatları tam və ya qismən data mərkəzinə yerləşdirilib”.
Samir Məmmədov vurğulayıb ki, ikinci mühüm layihələrdən biri “SİMA” bulud əsaslı müasir rəqəmsal imzadır. Artıq “SİMA” proqram təminatının mobil cihazlarda yüklənmə sayı 50 mini ötüb. Hazırda 12 dövlət və özəl qurumun bu sistemə inteqrasiyası baş tutub, 70-dən çox qurum isə inteqrasiya prosesi mərhələsindədir.

 

İKT 2022-09-16 14:36:00