×
A
A
A
Sazlamalar

Bakıda “Rəqəmsal iqtisadiyyatda hesabatlılıq və şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib YENİLƏNİB

Bakı, 16 sentyabr, AZƏRTAC

Sentyabrın 16-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə “Rəqəmsal iqtisadiyyatda hesabatlılıq və şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans öz işinə başlamazdan əvvəl tədbir iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül dəstələri düzüblər.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Tədbiri Auditorlar Palatasının sədri professor Vahid Novruzov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, Türkiyə Sertifikatlı Mühasiblər Palataları Birliyinin (TÜRMOB) İstanbul Sertifikatlı İctimai Mühasiblər Palatasının (İSMMMO) sədri Erol Demirel və Rusiya Federasiyasının “Sodrujestvo” Özünütənzimləyən Auditor Təşkilatları Assosiasiyasının İdarə Heyətinin sədri İqor Kozirev açaraq qonaqları salamlayıb, konfransın işinə uğurlar arzulayıb və konfrans öz işinə başlayıb.
Konfrans çərçivəsində rəqəmsal iqtisadiyyat şəraitində şəffaflığın və hesabatlılığın səmərəliliyinin artırılmasında birgə informasiya fazalarının yaradılması, rəqəmsal iqtisadiyyatda süni intellektin tətbiqi, rəqəmsal transformasiyanın iqtisadiyyata təsiri, iqtisadi artımda rəqəmsal həllər, vergi inzibatçılığında şəffaflığın səmərəliliyinin təmin olunmasında rəqəmsal və texnologiyaların artan rolu, rəqəmsal iqtisadiyyat şəraitində hesabatlılıq və audit, Maliyyə Hesabatının Beynəlxalq Standartlarının və onun auditinin ictimai əhəmiyyəti, rəqəmsal iqtisadiyyatda təşkilatların mühasibat uçotunun modernləşdirilməsi, rəqəmsal ekosistemlər, “yaşıl biznes”, rəqəmsal iqtisadiyyatda konsolidasiya edilmiş hesabatların əsas göstəricilərinin tərtibi və təhlili, yeni nəsil kadr hazırlığı, maarifləndirmə və əməkdaşlıq məsələləri üzrə təcrübə mübadiləsi və hərtərəfli müzakirələr aparılıb.
Konfransda “İctimai maraqların qorunmasında və inkişaf etdirilməsində mühasib peşəsinin rolu”, “Maliyyə hesabatlığında şəffaflığın təmin edilməsində rəqəmsal həllərin, o cümlədən süni intellektin rolu: Elm və biznes tərəflərindən baxış”, “Rəqəmsal dövrdə və təcrübə transformasiyasında kiçik və orta müəssisələr üçün EFAA-nın rolu: Kiçik və orta praktiklər və kiçik və orta müəssisələrdə baxışlar”, “Rəqəmsal transformasiyanın iqtisadiyyata təsiri”, “İqtisadi artım: Rəqəmsal həllər”, “Vergi inzibatçılığında şəffaflığın və effektivliyin təmin olunmasında rəqəmsal texnologiyaların artan rolu”, “Müasir dövrün hesabatlıq və şəffaflıq çağırışları”, “Rəqəmsal mühasiblər rəqəmsal iqtisadiyyatın qəlbində”, “Rəqəmsallaşmanın Türkiyədə mühasibat uçotu, vergi və audit təcrübələrinə təsirləri”, “Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə Maliyyə Hesabatlarının İctimai əhəmiyyəti və onun auditi”, “Rəqəmsal iqtisadiyyat şəraitində şəffaflığın və hesabatlığın səmərəliliyinin artırılmasında birgə informasiya fazalarının yaradılması məsələləri”, “Rəqəmsal iqtisadiyyat əlaqəli dünyada inkişaf”, “Rəqəmsal iqtisadiyyatda təşkilatların mühasibat uçotunun modernləşdirilməsi. Rəqəmsal Ekosistemlər, Yaşıl Biznes”, “Rəqəmsal iqtisadiyyat şəraitində maliyyə menecerlərin rolu və vəzifələrinin transformasiyası”, “Rəqəmsal iqtisadiyyatda şəffaf hesabatlar”, “Rəqəmsallaşma və xarici nəzarət kontekstində Rusiyada audit fəaliyyətinin inkişafı problemləri”, “Rəqəmsal məhsul: kripto dünyası-müasir vergi idarəçiliyi üçün böyük problem”, “Rəqəmsal iqtisadiyyatda audit” və “Rəqəmsal iqtisadiyyat şəraitində hesabatlılıq və 1 audit” mövzularında məruzələr dinlənilib, maraqlı müzakirələrlə müşayiət olunub.
Konfrans çərçivəsində Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Belarus Respublikasının Auditorlar Palatası arasında Əməkdaşlıq Sazişi və Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Hindistan İmtiyazlı Mühasiblər İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb. Konfransda Beynəlxalq Mühasiblər Federasiyası (IFAC), Avropa Mühasiblər və Auditorlar Federasiyası (EFAA), İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA) kimi nüfuzlu beynəlxalq qurumları və 8 ölkəni (Azərbaycan, Türkiyə, Rusiya, Hindistan, Gürcüstan, Belarus, Belçika və Moldova) təmsil edən 100-dən çox nümayəndə iştirak edib. Tədbirə xarici qonaqlarla bərabər, ölkəmizin dövlət və qeyri-hökumət təşkilatlarını, özəl sektoru, kütləvi-informasiya vasitələrini, ali təhsil və elmi-tədqiqat institutlarını təmsil edən nümayəndələr, Auditorlar Palatasının kollektivi və üzvləri qatılıblar.
Beynəlxalq konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.
Tədbir çərçivəsində Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının 15 illik yubileyi qeyd olunub.
Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının İdarə Heyətinin sədri Nuriyyə Novruzova qonaqları salamlayıb və Assosiasiyanın 15 ildə keçdiyi fəaliyyəti barədə iştirakçılara geniş məlumat verib. Sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadə, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzov, Avropa Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) prezidenti Salvador Marin, Gürcüstan Mühasiblər İttifaqının baş direktoru Tatiana Beridze, Moldova Peşəkar Mühasiblər Auditorlar və Assosiasiyasının sədri Jorjeta Kovaliov-Rusu, Türkiyə Sertifikatlı Mühasiblər Palataları Birliyinin (TÜRMOB) İstanbul Sertifikatlı İctimai Mühasiblər Palatasının (İSMMMO) sədri Erol Demirel va “Ernst & Yang Holdings (SiAyEs) Bi.Vi.” şirkətinin Azərbaycan Respublikasındakı filialının idarəedici partnyoru İlqar Vəliyev Assosiasiyanın 15 illik yubileyi münasibətilə təbrik nitqi söyləyiblər, kollektivin fəaliyyətini çox yüksək qiymətləndirərək gələcəkdə görəcəkləri işlərdə onlara uğurlar arzulayıblar. Sonda Auditorlar Palatası Maliyyə Nazirliyinin akkreditasiyasına əsasən Peşəkar Mühasib Təşkilatı kimi fəaliyyət göstərən Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası ilə mühasiblər və auditorlar üçün beynəlxalq standartların tələblərinə müvafiq yeni CPD proqramlarının işlənib hazırlanması və təkmilləşdirilməsi, yeniliklərin tətbiqi, birgə təlimlərin keçirilməsi və beynəlxalq sertifikatlaşdırmaya dair Niyyət Protokolu imzalayıb. İmzalanma mərasimində ICFM Böyük Britaniyanın Sertifikatlı Maliyyə Menecerləri İnstitutunun regional nümayəndələri və APFM üzvləri də iştirak ediblər.

İKT 2022-09-16 16:49:00