×
A
A
A
Sazlamalar

Dünya və ənənəvi din liderlərinin VII Qurultayı davam edir

Bakı, 15 sentyabr, AZƏRTAC
Dünya və ənənəvi din liderlərinin VII Qurultayında iştirak üçün Qazaxıstan Respublikasında səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə sentyabrın 15-də Qurultayın ikinci iş günündə iştirak edib.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ikinci plenar iclasın sonunda VII Qurultayın yekun sənədi - Bəyannamə oxunub və qəbul olunub. QMİ sədri A. Paşazadənin Bəyannaməyə dair verdiyi təkliflər nəzərə alınıb.
Qurultay çərçivəsində şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanının İslam işləri, dəvət və irşad naziri Əbdüllətif Al əş-Şeyx ilə görüşüb.
Səmimi söhbət zamanı ölkələrimiz arasında əlaqələr, xüsusilə, dini-mənəvi sahədə qarşılıqlı münasibətlər, əməkdaşlıq səviyyəsi yüksək dəyərləndirilib. Bildirilib ki, İslami birlik istiqamətində həqiqi dini dəyərlərin təbliği və təşviqi böyük önəm kəsb edir. Xüsusilə mötədillik yönündə İslami irşad məsələlərində müsəlman ölkələrinin işbirliyinin vacib əhəmiyyəti vurğulanıb. Azərbaycan dövlətinin dünya miqyasında İslami həmrəylik ideyasının ardıcıl tərəfdarı olaraq fəal çıxış etməsi, dəyərli əməli səyləri rəğbətlə qeyd olunub.
Şeyxülislam A. Paşazadə Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında müxtəlif platformalarda əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirib, din xadimlərinin beynəlxalq forumlarda birgə iştiraklarının əhəmiyyətini vurğulayıb. O, Səudiyyə Ərəbistanının İslam işləri, dəvət və irşad naziri Əbdüllətif Al əş-Şeyxi Azərbaycana dəvət edib. Səudiyyə Ərəbistanının rəsmisi öz növbəsində şeyxülislam A.Paşazadəni ölkəsinə təşrif buyurmağa dəvət etdi.
Görüşdən sonra şeyxülislam Allahşükür Paşazadə və Səudiyyə Ərəbistanının İslam işləri, dəvət və irşad naziri Əbdüllətif Al əş-Şeyx Səudiyyə Ərəbistanı Krallığının televiziyasına müsahibə veriblər.

Din 2022-09-15 17:49:00