×
A
A
A
Sazlamalar

Avstriyada yaşayan soydaşlarımız Ermənistanın təxribatlarına etiraz ediblər

Vyana, 15 sentyabr, AZƏRTAC

Avstriyada yaşayan soydaşlarımız Ermənistan silahlı qüvvələri bölmələrinin sentyabrın 12-də törətdikləri genişmiqyaslı təxribatla əlaqədar beynəlxalq ictimaiyyətə müraciət ediblər.
AZƏRTAC xəbər verir ki, Zalsburq Azərbaycan Evinin yaydığı bəyanatda Ermənistanın beynəlxalq hüquq normaları ilə bir araya sığmayan növbəti təxribatından dərin narahatlıq ifadə olunub: “Ermənistanın siyasi rəhbərliyi atəşkəs əldə olunan tarixdən bu günə qədər təxribatlar törətməklə Azərbaycan-Ermənistan sülh danışıqlarını pozmaq və regionda hərbi gərginliyi artırmaq məqsədi daşıyır. Ermənistanın hazırkı siyasi elitası 2020-ci il 10 noyabr Bəyanatının şərtlərini yerinə yetirməməkdə, sülh danışıqlarını müxtəlif bəhanələrlə pozmaqda israrlı olduğunu göstərir”.
Qeyd edilib ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri aparır, eyni zamanda, öz doğma torpaqlarından didərgin düşmüş azərbaycanlıların evlərinə dönüşü prosesinə başlanılıb. Ermənistan isə bütün bunların qarşısını almaq, yenidənqurma işlərini ləngitmək məqsədi daşıyan təxribatlara, beynəlxalq hüquq normalarını pozan tədbirlərə əl atır: “Biz Ermənistan hakimiyyətinin son hərbi təxribatları ilə bağlı beynəlxalq ictimaiyyəti, BMT-ni və digər müvafiq insan haqları təşkilatlarını ədalətli mövqe nümayiş etdirməyə çağırırıq. Biz Avstriyada yaşayan azərbaycanlılar olaraq Azərbaycan Silahlı Qüvvələrinin respublikamızın ərazi bütövlüyünün təmin edilməsi, Ermənistanın təxribatlarının qarşısının alınması, regionda təhlükəsizliyin təmin edilməsi, sabit sülhün və ədalətin bərqərar edilməsi istiqamətində həyata keçirdiyi tədbirləri dəstəkləyirik”.
Müraciətdə təcavüzkar siyasət yürüdən Ermənistanın davamlı sülh prosesinə ciddi maneə olduğu, bu qəbuledilməz davranışın qarşısının alınması və rəsmi İrəvanın sülhə sövq edilməsi üçün qətiyyətli addımların atılmasının vacibliyi nəzərə çatdırılıb.

Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana 

Diaspor 2022-09-15 05:08:00