×
A
A
A
Sazlamalar

Azərbaycan və Gürcüstanda yaradılan startapların regional bazarlara çıxışı təmin olunacaq

Tbilisi, 14 sentyabr, AZƏRTAC
Azərbaycan və Gürcüstanda yaradılan startapların regional bazarlara çıxışı təmin olunacaq. Hər iki ölkədə startapların maliyyələşdirilməsi üzrə birgə investisiya fondları yaradılacaq.
AZƏRTAC xəbər verir ki, bunu Tbilisidə keçirilən “Beynəlxalq Rəqəmsal Əlaqə Sammiti–2022”də iştirak edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, nazirlik özəl, böyük və yerli korporasiyalarla, həmçinin kiçik “venture” studiyalarla danışıqlar aparır ki, startapların maliyyələşməsi üzrə kiçik və böyük fondlar yaradılsın: “Bu baxımdan, startapların maliyyələşməsinin regional aspekti də var. Bildiyiniz kimi adətən kiçik, yerli bazar üçün yaranan startaplar çox böyük maliyyə cəlb edə bilmir. Ona görə vacibdir ki, bu startapların geniş bazarlara çıxışı olsun. İlk növbədə, qonşu ölkələrdə olan bazarlar nəzərdə tutulub, eyni zamanda, Gürcüstan ilə birgə investisiya fondlarının və layihələrin yaradılması üçün danışıqlar aparılır ki, həm Azərbaycanda, həm də Gürcüstanda yaranan startaplar hər iki ölkənin bazarlarına çıxa bilsinlər”.
Qeyd edək ki, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin cari ilin aprel ayında Gürcüstana səfəri zamanı hər iki ölkə arasında startaplar sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub.


Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

İKT 2022-09-14 22:04:00