×
A
A
A
Sazlamalar

Livanda daha bir əmanətçi banka silahlı hücum edib

Qahirə, 14 sentyabr, AZƏRTAC

Ağır maliyyə böhranı yaşayan və hökumətin valyuta ilə əmanətləri dondurduğu Livanda daha bir əmanətçi banka silahlı hücum edərək müştəriləri girov götürüb.
AZƏRTAC “Əl Ərəbiyə” telekanalına istinadla xəbər verir ki, paytaxt Beyrutdakı BLOM bankın şöbəsinə tapança ilə daxil olan Salli Hafiz adında qadın əməkdaşları və müştəriləri girov götürüb. O bildirib ki, heç kimə zərər vermək və ya öldürmək niyyəti yoxdur, sadəcə xəstə və ölüm ayağında olan bacısını müalicə etdirmək üçün bankdakı dondurulmuş 13 min dollar məbləğində əmanətini tələb edir. Qadın bank ofisinin döşəməsinə benzin töküb və pulunun verilməyəcəyi təqdirdə yandıracağı ilə hədələyib. Polislərin gəldiyini görən Salli silahını ataraq arxa qapıdan qaçıb.
Ötən ay bankda 200 min dollar əmanəti olan daha bir livanlı bank ofisinə silahlı hücum etmişdi. Livan vətəndaşları sosial şəbəkələrdə bu çarəsiz insanların müdafiəsinə qalxıblar.

Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Dünya 2022-09-14 19:46:00