×
A
A
A
Sazlamalar

Şeyxülislam Allahşükür Paşazadə Əl-Əzhərin Baş İmamı Şeyx Əhməd Ət-Tayyib ilə görüşüb

Bakı, 14 sentyabr, AZƏRTAC

Dünya və ənənəvi din liderlərinin VII Qurultayında iştirak üçün Qazaxıstan Respublikasında səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə qurultay dəvətlisi Əl-Əzhərin Baş İmamı Şeyx Əhməd Ət-Tayyib ilə görüşüb.
Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səmimi şəraitdə keçən görüşdə qarşılıqlı maraq kəsb edən məsələlərə toxunulub. Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını nüfuzlu müsəlman din xadimi - Əl-Əzhərin Baş İmamına yetirib. Müsəlman Ağsaqqalları Şurasına üzv seçilməyi ilə əlaqədar təbrikinə görə təşəkkür edən QMİ sədri bu məsələdə təşəbbüskar rolu ilə bağlı Əl-Əzhərin Baş İmamına təşəkkürünü ifadə edib. Bildirib ki, Əl-Əzhərin Baş İmamının İslam ümmətinin mənafeyinə xidmət edən böyük səylərinə hər zaman dəstək verəcəkdir. Şeyx Əhməd ət-Tayyibin müsəlman aləminin qabaqcıl şəxsiyyətlərindən biri olduğunu, onunla görüşməkdən şərəf duyduğunu bildirən Şeyxülislam Əl-Əzhərin Baş İmamı ilə Roma Papası arasında Abu-Dabidə İnsan qardaşlığına dair sənədin imzalanma mərasimində iştirak etməyindən qürur hissi keçirdiyini diqqətə çatdırıb. QMİ sədri əlavə edib ki, fəaliyyətində, iştirak etdiyi bütün dinlərarası əməkdaşlıq müstəvilərində bu sənədin müddəalarını fəal təşviq edir.
Əl-Əzhərin Baş İmamı Şeyx Əhməd Ət-Tayyib, öz növbəsində, Azərbaycan Prezidenti İlham Əliyevə səmimi salamlarını yetirməyi Şeyxülislamdan rica edib və yaxın zamanlarda ölkəmizi ziyarət edəcəyinə inandığını bildirib. Şeyxülislam Allahşükür Paşazadəni Müsəlman Ağsaqqalları Şurasına üzv seçilməyindən sonra baş tutan ilk görüşdə şəxsən təbrik etməkdən şad olduğunu bildirib. Əlavə edib ki, Azərbaycan qədim müsəlman diyarı, İslam mədəniyyətinə dahi şəxsiyyətlər bəxş etmiş diyardır. Əmin olduğunu bildirib ki, şeyxülislam özünün onilliklərlə ölçülən böyük təcrübəsi, nüfuzu və genişmiqyaslı fəaliyyəti ilə Şuranın nüfuzuna güc qatacaqdır.
Görüşdə ümumi mövqe olaraq bildirilib ki, İslama və İslam sivilizasiyasına qarşı təxribatların qarşısını almaq, dəyərlərimizi yad təsirlərdən qorumaq birgə vəzifəmizdir. Nüfuzlu müsəlman dini lideri bu çətin vəzifənin həyata keçirilməsində şeyxülislam Allahşükür Paşazadənin dəyərli təcrübəsinə böyük ehtiyac olduğunu vurğulayıb.

Din 2022-09-14 16:52:00