×
A
A
A
Sazlamalar

Fətəli xan Xoyski prospektinin daha bir hissəsi təmir edilir

Bakı, 14 sentyabr, AZƏRTAC

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə paytaxtın Nərimanov rayonunda cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Fətəli xan Xoyski prospektində aparılan təmir işləri davam edir. Bu istiqamətdə prospektin Koroğlu Rəhimov və Aşıq Molla Cümə küçələri arasında yerləşən hissəsində təmir işlərinə başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, prospektdə aparılan təmir işləri hərəkət intensivliyi nəzərə alınaraq yalnız gecə saatlarında və həftə sonları icra olunacaq. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.
Hazırda ərazidə köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması işləri icra olunur. Yaxın günlərdə əlaqələndirici bitum səpilməklə yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılacaq. Ümumilikdə təmir işlərinin görüldüyü hissənin uzunluğu 300 metr, sahəsi isə 5600 kvadratmetrə yaxındır. Sözügedən hissədə asfalt-beton örtükdə əmələ gələn qabarma və çatlar hərəkətin təhlükəsizliyini təmin etmirdi. Aparılan təmir işləri ilə bu problem tam olaraq aradan qaldırılacaq.
Bütün işlər “İnşaat Norma və Qaydaları”na uyğun, tərtib olunmuş qrafiklə sürətlə və keyfiyyətlə icra olunur.
Təmir işləri icra olunan müddətdə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən ərazidə hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunacaq.
Təmir işləri yekunlaşandan sonra avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün yolgöstərici və yol-cizgi xətlərinin, həmçinin piyada zolaqlarının çəkilişi işləri aparılaraq prospektin sözügedən hissəsi müasir görkəmdə istifadəyə veriləcək.
Növbəti mərhələlərdə prospektin digər hissələrinin də təmiri nəzərdə tutulur.
Cari ildə Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi uzunluğu 7,6 kilometr təşkil edir. 2021-ci ildə “İnvestisiya Proqramı”na uyğun olaraq rayon üzrə ümumi uzunluğu 11 kilometrdən çox olan 15-dən artıq küçə təmir olunub.

Tikinti̇ 2022-09-14 12:52:00