×
A
A
A
Sazlamalar

Azərbaycan-Yaponiya Dostluq Mərkəzi Ermənistanın törətdiyi təxribatla bağlı bəyanat yayıb

Tokio, 14 sentyabr, AZƏRTAC

Tokioda fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Mərkəzi bu ölkənin parlamentinə, siyasi partiyalarına, qeyri-hökumət təşkilatlarına, beyin mərkəzlərinə, KİV-lərinə və eləcə də bu ölkədə fəaliyyət göstərən digər təşkilat və qurumlara Ermənistanın Azərbaycanın dövlət sərhədində törətdiyi təxribatla bağlı bəyanatla müraciət edib.
AZƏRTAC xəbər verir ki, ingilis və yapon dillərində yayılan bəyanatda sentyabrın 12-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dövlət sərhədində təxribat törədildiyi, hərbi qulluqçuların qətlə yetirildiyi və infrastruktura zərbə vurulduğu qeyd olunub.
Bəyanatda deyilir: “Azərbaycanın regionda sülhün bərqərar olması üçün davamlı təşəbbüsləri qarşısında Ermənistanın hərbi təxribatla cavab verməsi yalnız təəssüf hissi doğurur. Ermənistan hökuməti iki ölkə arasında münasibətlərin nizamlanmasına mane olaraq sülh gündəliyinə cavab vermir. Əksinə, beynəlxalq ictimaiyyətin səyləri ilə aparılan sülh danışıqları fonunda qeyri-konstruktiv mövqe nümayiş etdirərək üçtərəfli razılaşmanın şərtlərini pozur, silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmır”.
Sənəddə vurğulanır ki, 2020-ci il Vətən müharibəsindən sonra yüzlərlə azərbaycanlı erməni tərəfinin yerləşdirdiyi mina və digər partlayıcı qurğuların qurbanı olub.
“Biz, Yaponiyada yaşayan azərbaycanlılar, bir daha bildiririk ki, cavab tədbirləri Azərbaycan dövlət sərhədində törədilən təxribatların qarşısını almaq, Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyini təmin etmək, Ermənistanın təcavüzünə son qoymaq məqsədi daşıyır. Azərbaycan Ordusunun guya mülki əhalini, obyektləri və infrastrukturu hədəfə alması ilə bağlı Ermənistan tərəfindən yayılan məlumatlar növbəti yalan və dezinformasiyadır.
Sentyabrın 12-də törədilmiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır”, - deyə bəyanatda qeyd edilir.
Sənəddə vurğulanır ki, Ermənistanın mövqeyi normallaşma və sülh prosesinə tamamilə ziddir. Ermənistanın təcavüzkar hücumlarına baxmayaraq Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma və quruculuq işləri aparır.
“Biz, Yaponiyanın müvafiq təşkilatlarını, bu ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələrini Ermənistanın qeyri-konstruktiv mövqeyinin və hərbi təcavüzünün qarşısını almaq üçün beynəlxalq səviyyədə əməli addımlar atmağa, sülhə təşviq etmək səylərini gücləndirməyə, eyni zamanda, Ermənistanı revanşist əməllərə son qoymağa çağırırıq”, -deyə bəyanatda bildirilir.
Bəyanatın mətni Yaponiyada fəaliyyət göstərən “ajmedia.jp” portalı tərəfindən də yayılıb.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio 

Diaspor 2022-09-14 11:01:00