×
A
A
A
Sazlamalar

ABŞ Monteneqro ordusuna 23 milyon dollar yardım ayırıb

Podqoritsa, 14 sentyabr, AZƏRTAC

ABŞ Monteneqro ordusunun təchizatının artırılması və modernləşdirilməsi üçün 23 milyon dollar maliyyə yardımı ayırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Monteneqronun müdafiə naziri Rasko Konyeviç bildirib.
“Birləşmiş Ştatlar hökuməti ABŞ-la ortaq dəyərləri paylaşan və Rusiya-Ukrayna gərginliyi fonunda xarici siyasətini ABŞ və Avropa İttifaqının siyasətinə tam uyğunlaşdıran Monteneqronun ordusu üçün əlavə 23 milyon dollar ayırıb. Bu vəsait Monteneqro ordusunun təchizatının artırılması və modernləşdirilməsinə, NATO-nun potensial hədəflərinə çatmaq və kibermüdafiə sahəsində imkanların gücləndirilməsinə xərclənəcək”, - deyə R.Konyeviç qeyd edib.
Nazir deyib ki, həmin maliyyə vəsaiti ABŞ-ın Ukrayna və potensial təhlükə gördüyü digər ölkələrə yardım üçün ayırdığı 2,2 milyard dollarlıq yeni tranşın bir hissəsidir.

Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa

Dünya 2022-09-14 05:45:00