×
A
A
A
Sazlamalar

Kuba ölkə tarixində ən iri miqrasiya böhranı ilə üzləşib

Madrid, 13 sentyabr, AZƏRTAC

Son 11 ayda təqribən 180 min Kuba sakini ölkəni tərk edib və Meksika sərhədindən ABŞ ərazisinə keçib.
AZƏRTAC xəbər verir ki, kubalı sosioloq və iqtisadçıların fikrincə, budəfəki miqrasiya böhranı misli görünməmiş hadisədir. Ekspertlər əmindirlər ki, iqtisadi çətinliklər, elektrik enerjisinin tez-tez kəsilməsi, hədsiz inflyasiya, ilkin zərurət mallarının və dərmanların çatışmaması, tibbi xidmətin pisləşməsi, Kuba əhalisinin, xüsusən gənclərin gələcəyə ümidsiz olması fonunda ölkəni tərk edənlərin sayı daha da çoxalacaq.
Kuba və Amerika mətbuatında az qala hər gün kubalı mühacirlərin deportasiyası, gəmi qəzalarına uğraması, insan alveri əməliyyatları və dənizdə və ya quru ərazidə səyahətlər zamanı başlarına gələn riskli sərgüzəştlər barədə xəbərlər dərc edilir. Yüzlərlə kubalı ABŞ-a getməyə cəhd edərkən dənizdə boğulub, yaxud regionda qeyri-leqal immiqrasiyaya nəzarət edən mafiyanın qurbanı olub.
Ötən həftə ABŞ-ın Havanadakı səfirliyi nəzarət olunmayan miqrasiyanı dayandırmaq üçün quruda, dənizdə və havada sərhəd patrul xidmətinin gücləndirilməsini elan edib. Əsas məqsəd insanların dənizdə həlak olmasının və dəniz yolu ilə qanunsuz miqrasiyanın qarşısını almaqdır.
2020-ci maliyyə ilində 14 min kubalı qeyri-leqal şəkildə Meksika sərhədindən ABŞ-a keçib. 2021-ci ildə belə insanların sayı 39,3 minə çatıb, keçən il oktyabrın 1-dən bu il avqusta qədər təxminən 180 min kubalı mühacir ölkənin cənub sərhədindən ABŞ-a gəlib. ABŞ hakimiyyət orqanlarının məlumatına görə, bu tendensiya davam edərsə, 2022-ci il mütləq rekord nəticə ilə başa çata bilər: nizamlanmayan statusa malik kubalıların sayı 200 mindən çox olacağı gözlənilir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

 

Dünya 2022-09-13 17:56:00