×
A
A
A
Sazlamalar

Parisdə gecə işıqlandırılması söndürüləcək, hovuzlarda temperatur azaldılacaq

Bakı, 13 sentyabr, AZƏRTAC

Parisdə sentyabrın 23-dən etibarən enerjiyə qənaət olunmasına yönələn tədbirlərin həyata keçirilməsinə başlanılacaq.
AZƏRTAC Fransa mediasına istinadla xəbər verir ki, Paris şəhərinin meri Anna İdalqo həmin tədbirlər çərçivəsində hər gün saat 22:00-da bələdiyyə muzeylərinin, görməli yerlərin və şəhər prefekturası binasının işıqlandırılmasının kəsiləcəyini elan edib. Bununla yanaşı, Eyfel qülləsi yerli vaxtla saat 23:45-dək işıqlandırılacaq.
Şəhər hakimiyyət orqanlarının qərarına əsasən, soyuq vaxtlarda uşaq bağçaları və qocalar evləri istisna olmaqla, dövlət müəssisələrində orta temperatur bir dərəcə azaldılacaq, gecə saatlarında isə 12 dərəcədən çox olmayaraq qızdırılacaq. Bələdiyyə hovuzlarında suyun temperaturu 27 dərəcədən 26 dərəcəyə endiriləcək.
Paris meri əlavə edib ki, meriyanın yurisdiksiyasında olmayan mədəniyyət obyektlərinə və abidələrə də eyni məhdudiyyətlərin tətbiq olunması xahişi ilə ölkə rəhbərliyinə müraciət edəcək.

Dünya 2022-09-13 16:08:00