×
A
A
A
Sazlamalar

Paytaxtın Fətəli xan Xoyski prospektində aparılan təmir işləri yekunlaşıb VİDEO

Bakı, 12 sentyabr, AZƏRTAC
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Bakı şəhərinin Nərimanov rayonu ərazisindəki Fətəli xan Xoyski prospektinin təmir işləri artıq yekunlaşıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, təmir işləri ilkin olaraq prospektin Əhmədbəy Ağaoğlu və Koroğlu Rəhimov küçələri arasında olan hissəsində aparılıb.
Sözügedən hissədə asfalt-beton örtükdə əmələ gələn qabarma və çatlar hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi. Aparılmış təmir işləri ilə sözügedən problem tam olaraq aradan qaldırılıb.
Belə ki, ərazidə köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması, ardınca əlaqələndirici bitum səpilməklə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. Ümumilikdə təmir işlərinin görüldüyü hissənin uzunluğu təqribən 710 metr, sahəsi isə 21 min kvadratmetrə yaxındır.
Prospektdə aparılan təmir işləri hərəkət intensivliyi nəzərə alınaraq əsasən gecə saatlarında və həftə sonları icra olunub. Zərurət yarandığı hallarda isə gecə saatlarında başlanılan təmir işlərinin icrası gündüz saatlarında da davam etdirilib. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunaraq zəruri hallarda iki növbəli iş qrafiki tətbiq olunub.
Bütün işlər “İnşaat Norma və Qaydaları”na uyğun, tərtib olunmuş qrafiklə sürətlə və keyfiyyətlə aparılıb.
Təmir işləri aparılan müddətdə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən ərazidə hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin edilib.
Təmir işləri başa çatandan sonra avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün yolgöstərici və yol-cizgi xətlərinin, həmçinin piyada zolaqlarının çəkilişi işləri aparılaraq prospektin sözügedən hissəsi müasir görkəmdə istifadəyə verilib.
Növbəti mərhələlərdə prospektin digər hissələrinin də təmiri nəzərdə tutulur.
Qeyd olunub ki, cari ildə Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi uzunluğu 7,6 kilometr təşkil edir. 2021-ci ildə “İnvestisiya Proqramı”na uyğun olaraq rayon üzrə ümumi uzunluğu 11 kilometrdən çox olan 15-dən artıq küçə təmir olunub.

Tikinti̇ 2022-09-12 18:18:00

Video