×
A
A
A
Sazlamalar

Brüsseldə Azərbaycan İcmasının azyaşlı üzvləri üçün ilk ana dili dərsi keçirilib VİDEO

Brüssel, 12 sentyabr, AZƏRTAC

Prezident İlham Əliyevin Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayındakı müvafiq tapşırığına əsasən, Belçika Krallığındakı Azərbaycan Evində Azərbaycan dili dərslərinin tədrisinə start verilib.
AZƏRTAC xəbər verir ki, layihənin başlanması ilə əlaqədar keçirilən tədbir Azərbaycan Evinin rəhbəri Orxan Şükürov tərəfindən təşkil edilib. Həmçinin tədbirin təşkil edilməsində Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi öz dəstəyini göstərib. Tədbirdə Belçika Krallığında yaşayan Azərbaycan İcmasının üzvləri və "Belçika Azərbaycanlıları Federasiyası" təşkilatının həmsədri Anar Məlikov, Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyinin əməkdaşları , Diasporlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev və Avropa ölkələri üzrə şöbənin müdiri Leyla Həmzəyeva iştirak ediblər.
Tədbirdə gələcək layihələr müzakirə olunub və bu layihələrin icrası üçün yol xəritəsi müəyyən edilib. Həmçinin Azərbaycan İcmasının üzvü Musa Həsənov təltif edilib. Tədbirdən dərhal sonra Azərbaycan İcmasının azyaşlı üzvləri üçün ilk ana dili dərsi keçirilib. Ana dili Azərbaycan İcmasının üzvləri İlahə Tağıyeva və Səkinə Melixayeva tərəfindən tədris olunub.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel

Diaspor 2022-09-12 17:52:00

Video