×
A
A
A
Sazlamalar

“TEPSCO” şirkətinin nümayəndələri ilə görüş keçirilib

Bakı, 8 sentyabr, AZƏRTAC

Energetika naziri Pərviz Şahbazov Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vadanın iştirakı ilə “TEPSCO” şirkətinin icraçı direktoru Hideo Kojimanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Yaponiya şirkətlərinin ölkəmizdə həyata keçirilən enerji layihələrində uğurlu iştirakı qeyd edilib, səmərəli işbirliyinin “yaşıl enerji” istiqamətində davam etdiyi diqqətə çatdırılıb.
Azərbaycanda bərpa olunan enerji sektorunun inkişafı, ekoloji təmiz texnologiyaların tətbiqinin genişləndirilməsi, günəş və külək enerjisi üzrə reallaşdırılacaq böyük güclərin ümumi elektroenergetika sisteminə inteqrasiyası və “yaşıl enerji” ixracına dair fikir mübadiləsi aparılıb. Enerji sisteminin təhlükəsizliyinin təmini kontekstində bərpaolunan enerji mənbələrinin elektrik şəbəkəsinə təsirlərinin öyrənilməsi və qiymətləndirilməsi sahəsində Yaponiya təcrübəsindən bəhs edilib və bu təcrübənin Azərbaycanda tətbiqi imkanları müzakirə olunub.

 

Energetika 2022-09-08 11:17:00