×
A
A
A
Sazlamalar

BDU-nun üç komandası “ADEX-2022” 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edir

Bakı, 7 sentyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları və tələbələri “ADEX-2022” 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edirlər.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
BDU sərgidə 4 stenddə 3 komanda və 7 layihə ilə təmsil olunur. BDU-nun “Uçuş texnologiyaları” komandası pilotsuz uçuş aparatlarını ziyarətçilərə təqdim edib.
Sərginin növbəti günlərində BDU komandalarının hazırladığı alternativ enerji sistemlərinin müdafiə sənayesində tətbiqi, müxtəlif süni intellekt əsaslı proqramlaşdırma layihələri təqdim ediləcək. BDU əməkdaşları, sentyabrın 8-də keçiriləcək “Gələcəyin milli sənaye kompleksi” adlı dəyirmi masada da iştirak edəcəklər.
“ADEX” sərgisi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir. Tədbirin təşkilati işlərinin icrası “Caspian Event Organisers” şirkətinə həvalə edilib.
“ADEX” müasir silah və texnikanın sərgisi pandemiyanın yaratdığı məcburi fasilədən sonra növbəti dəfə baş tutur. Sərginin xüsusi əhəmiyyəti həm də onun Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı Zəfərdən sonra ilk dəfə keçirilməsidir. Sərgidə Azərbaycan Ordusunun Qələbəsində müstəsna rol oynamış ölkənin hərbi-sənaye kompleksinin gücü və qüdrəti, müasir silahlar nümayiş etdirilir.

Texnologiya 2022-09-07 10:55:00